Akademik R.Əliquliyev: “Gənclər institutun aparıcı qüvvəsinə çevrilməlidir”

03 Noyabr 2017 - 17:04 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Gənc Alim və Mütəxəssislər Şurasının tərkibinin yenidən formalaşdırılması məsələsinə həsr olunmuş  iclas keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, institutun gənc alim və mütəxəssislər şurasının fəaliyyətini təkmilləşdirmək və gənc əməkdaşların bu qurumun elmi-ictimai həyatında fəal iştirakını təmin etmək qarşıda duran əsas məsələlərdəndir.

R.Əliquliyev AMEA prezidenti, akademik Akif Əlizadənin gənclər siyasətinə xüsusi diqqət yetirdiyini, onların inkişafı, potensialının artırılması üçün kompleks tədbirlər gördüyünü qeyd etdi. Bildirdi ki, akademiyanın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir. Alim, həmçinin ölkə Prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda da AMEA qarşısına mühüm vəzifələrin qoyulduğunu vurğuladı.

İnstitut rəhbəri qeyd etdi ki, 15 dekabr 2017-ci ildə AMEA, AR Təhsil Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Gənc Alimlər I qurultayının əsas məqsədi də akademiyada fəaliyyət göstərən gənclərin qarşısında duran problemlər və onların həlli yollarının müzakirəsidir.

“Gənclər instituta həvalə edilən vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, qurumun aparıcı qüvvəsinə çevrilməlidir”, – deyə bildirən R.Əliquliyev diqqətə çatdırdı ki, gənc alimlər şurasının üzvləri bütövlükdə ölkəmizdə öndə gedən intellektual gənclərə çevrilməlidir.

Sonra gənc alim və mütəxəssislər şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində müzakirələr aparıldı. İnstitut gənclərinin sosiallaşmasını təmin etmək məqsədilə mütəmadi olaraq intellektual oyunların, müxtəlif səpkili sərgilərin keçirilməsi, ölkənin tanınmış şəxsləri ilə görüşlərin təşkili və s. ilə bağlı təkliflər səsləndirildi.

Sonda səsvermə keçirildi, institutun 12 saylı şöbəsinin əməkdaşı, böyük elmi işçi Nərmin Adıgözəlova şuranın sədri, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov sədr müaviniBeynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, böyük elmi işçi Səbinə Məmmədzadə isə şuranın katibi seçildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.