Texniki xidmət texnologiyaları sahəsində tədqiqatlar aparılır

01 Noyabr 2017 - 15:42 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 11 saylı şöbənin müdiri Şakir Mehdiyevin rəhbərlik etdiyi şöbənin illik hesabatı dinlənildi. Öncə məruzəçi elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, il ərzində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin metod və alqoritmlərinin işlənməsi, kiber-fiziki sistemlər və sensorlar, texniki xidmət texnologiyaları istiqamətində araşdırmaların aparıldığını diqqətə çatdırdı.

Ş.Mehdiyev şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində AMEA RH Mərkəzi Aparatı üzrə və əsas binada konfrans və iclasların müşayiət olunması və İnternet yayımın təmin olunması, viki-mühitdə İKT ilə əlaqədar işlərin yerinə yetirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verdi. İnstitutun Tədris-İnnovasiya Mərkəzində dərslərin və imtahanların keçirilməsinə texniki dəstəyin göstərildiyini qeyd etdi.

Məruzəçi şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi konfranslarda iştirak etdiyini və 3 konfrans materialının nəşr olunduğunu, tanınmış elmi jurnalda isə 1 məqalənin dərc edildiyini vurğuladı.

Şöbə rəhbəri, həmçinin hesabat ilində elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırdı.

Hesabata dair geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.