DAAD proqramı elmi tədqiqatçılar üçün geniş imkanlar yaradır

23 Oktyabr 2017 - 12:47 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. Tədbirdə Alman Akademik Mübadilə Xidməti (DAAD - Deutscher Akademischer Austauschdienst) Bakı Məlumat Mərkəzinin təmsilçisi Hikmət Kamallı DAAD təqaüd proqramı, onun perspektivləri, tələbələr üçün yaratdığı imkanlar barədə geniş məlumat verdi.

Məruzəçi bildirdi ki, DAAD Almaniya tərəfindən dəstəklənən alman ali məktəblərinin birgə qurumudur. Onun əsas vəzifəsi tələbə və elmi işçilərin mübadiləsi vasitəsi ilə Almaniyanın xarici ölkələrlə akademik münasibətlərinin dəstəklənməsidir.

H.Kamallı qeyd etdi ki, dünyada DAAD şəbəkəsi 60-dan artıq ölkədə 15 xarici nümayəndəlik, 56 məlumat mərkəzi və 500-dən artıq lektor və dil mütəxəssisləri ilə təmsil olunur. Təşkilat olaraq 1997-ci ildən Azərbaycanda yerli lektorluq kimi fəaliyyət göstərmiş, 2004-cü ildən Bakı Məlumat Mərkəzi olaraq DAAD dünya şəbəkəsinə daxil olmuşdur.

Məruzəçi Azərbaycan üçün DAAD təqaüdləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, tələbə və məzunlar üçün yay dil kursu, dizayn, incəsənət, memarlıq və bütün ixtisaslar üzrə master, iqtisadiyyat sahəsi üçün ERP-Master, iş təcrübəsi olanlar və inkişaf siyasəti ilə bağlı ixtisaslar üçün DAAD təqaüdü var. O, həmçinin doktorant və gənc alimlər üçün tədqiqat təqaüdləri, təcrübəli alimlər və universitet müəllimləri üçün tədqiqat səfərləri haqqında danışdı.

Tədbirdə, həmçinin hər iki ölkənin müvafiq tədqiqat institutları ilə davamlı fəaliyyətin təşkili və alman təcrübəsinin öyrənilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparıldı. 

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.