Big Data problemlərinə həsr olunmuş elmi məruzəyə dair qərardan irəli gələn vəzifələr müzakirə olundu.
AMEA Rəyasət Heyətinin 5 iyul 2017-ci il tarixində keçirilmiş iclasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında bu elmi məruzənin müzakirəsi əsasında RH-nin qəbul etdiyi qərardan irəli gələn vəzifələr müzakirə olundu.
İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək bildirdi ki, qərarda İnformasiya Texnologiyaları İnstitutuna AzScienceNet-in Data Mərkəzinin resurslarından istifadənin səmərəliliyinin artırılması, Azərbaycan Təhsil Şəbəkəsinin (AzEduNet) GEANT-a inteqrasiyasının gücləndirilməsi, elmi müəssisələr tərəfindən toplanan Big Data resurslarının Data Mərkəzdə saxlanılmasının təmini, AMEA-nın elmi qurumlarının fəaliyyətində böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərin keçirilməsi və s. məsələlərin həlli həvalə edilmişdir.
Bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Fəaliyyət Planının hazırlandığını söyləyən R.Ələkbərov görülmüş işlər barədə məlumat verdi. Alimin sözlərinə görə, bu məqsədlə AzScienceNet şəbəkəsinin Data Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi, AMEA-nın bütün elmi müəssisə və təşkilatlarının veb-resurslarının AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanılması və hostinq xidmətlərinin dəstəklənməsi, AzEduNet şəbəkəsinin AzScienceNet-ə fiziki qoşulması, AzEduNet-AzScienceNet xəttinin test rejimində fəaliyyətə başlaması, eləcə də, ali təhsil müəssisələrinin GEANT şəbəkəsinə çıxışının təmin edilməsi və digər işlər icra olunmuşdur.
Həmçinin Eduroam xidmətinə qoşulma üçün dövlət ali təhsil müəssisələri ilə işin aparılması, AMEA Fizika İnstitutunun nəzdində olan “Qrid Elmi Tədqiqatlar Mərkəzi”nin AzScienceNet şəbəkəsinə qoşulması, akademiyanın bir sıra elmi müəssisələri tərəfindən toplanan Big Data resurslarının Data Mərkəzdə saxlanılması və s. işlər icra prosesindədir.
R.Ələkbərov bununla yanaşı, AMEA-nın elmi qurumlarının fəaliyyətində böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin müəyyənləşdirilməsi məqsədi ilə monitorinqin keçirilməsi üçün texniki-təşkilatı işlərin həyata keçirildiyini, sorğu formasının işlənildiyini və s. işlərin yerinə yetirildiyini diqqətə çatdırdı.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.