Yaponiyanın avtomobil istehsalçısı “Toyota” cari ilin başlanğıcında “CES” Beynəlxalq elektronika sərgisində süni intellektə malik nəqliyyat vasitələrinin sahibləri ilə qarşılıqlı əlaqəsini nümayiş etdirən yeni konsepsiyasını təqdim edib. Hazırda şirkət “Concept-i”a daha iki konsepsiya əlavə edib. Konseptlərdən biri sağlamlıq imkanları məhdud insanlara xidmət etmək, digəri isə şəxsi nəqliyyat vasitəsi kimi istifadə üçün yaradılıb.
naked-science.ru saytının məlumatına görə, süni intellektə malik interaktiv ekran istifadəçinin əhval-ruhiyyəsinə təsir edir. Avtomobili idarə edə bilən süni intellekt biometrik avadanlıq sayəsində salonda olan insanların emosiyalarını tanıyır, sonra səfər üçün daha əlverişli şərait yaradır. O, həmçinin sərnişinlərlə ünsiyyət qura bilir.
Yeni konsepsiyalardan biri sağlamlıq imkanları məhdud insanlar üçün nəzərdə tutulmuş avtonom nəqliyyat vasitəsi olan “Concept-i Ride” elektrik avtomobilindən ibarətdir. Onun qağayının qanadına bənzəyən qapıları, asanlıqla əyləşmək üçün hərəkət edən elektrik oturacağı və əlil arabasının saxlanılması üçün xüsusi yeri vardır. Xüsusi coystik sükanı, sürətləndirici və əyləcin pedallarını əvəz edir, süni intellekt isə ön şüşənin altındakı böyük ekranda vizuallaşır.
“Concept-i Walk” konsepti isə süni intellektlə təchiz edilmiş üçtəkərli siqveydən ibarətdir. O, sükanda yerləşdirilmiş sensorlardan insanın vəziyyəti barədə məlumatları toplayır və sürücüyə müxtəlif təhlükələr haqqında xəbərdarlıq edir. Nəqliyyat vasitəsi, həmçinin maneələri sərbəst şəkildə keçə bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.