Rusiya Federasiyası hökuməti tərəfindən cari ilin iyul ayında təsdiq edilmiş “Rəqəmsal iqtisadiyyat” proqramına əsasən, Rusiyanın aparat və proqram hissəsindən ibarət olan kiberfiziki sistemləri yerli proqram təminatının idarəetməsi ilə işləməlidir. Əşyaların İnterneti qurğularının işləyəcəyi əməliyyat sisteminin (ƏS) hazırlanması 31 dekabr 2021-ci ilə qədər başa çatmalıdır.
hi-news.ru saytının məlumatına görə, sənəd Əmanət bankının rəhbərlik etdiyi işçi qrup tərəfindən hazırlanmışdır. Proqramın məsul icraçıları isə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi, Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, həmçinin bir sıra avadanlıq və proqram təminatı istehsalçılarıdır.
2019-cu ilin sonunadək kiberfiziki sistemlərin maşınlararası qarşılıqlı təsir standartlarının hazırlanması planlaşdırılır. Əşyaların İnternetinin yerli ƏS istehsal prosesləri ilə idarəetmə sistemləri, elektrik nəqliyyatının avtonom şəbəkələri və digər sahələrdə avtomatik idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etməyə kömək edəcək.
Bu kimi sistemlər vasitəsilə müəssisə və şirkətlər təhlükəsizliyi lazımi səviyyədə təmin edə və öz sistemlərinin avtomatlaşdırmasını həyata keçirə biləcəklər.
Qeyd edək ki, bu sistemin də Əşyaların İnterneti üçün nəzərdə tutulmuş bir sıra digər ƏS kimi “Linux” əsasında hazırlanacağı ehtimal olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.