İnstitut alimlərinin məqaləsi İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfransda çap olunub

06 Oktyabr 2017 - 15:00 | Mühüm hadisələr
İnstitut alimlərinin məqaləsi İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfransda çap olunub

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin həmmüəllifi olduqları “The development of indicators and indices system characterizing information and knowledge economy”  (İnformasiya  və  bilik  iqtisadiyyatını  xarakterizə  edən  göstəricilər  və  indekslər   sisteminin  işlənilməsi) adlı məqalə 20-22 sentyabr 2017-ci il tarixdə Moskva (Rusiya) şəhərində keçirilən IEEE-nin İKT-nin tətbiqi üzrə XI beynəlxalq konfransında (The 11th IEEE International Conference Application of Information and Communication Technologies – AICT 2017) çap olunub.

Məqalə informasiya və biliklər iqtisadiyyatının formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi üzrə müxtəlif indikatorlar sisteminin müqayisəli təhlilinə həsr olunmuşdur. Onların işlənilməsi və təhlili ilə bağlı əsas metodoloji yanaşmalar analiz olunmuşdur. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı bəzi tövsiyələr verilmiş, informasiya və biliyin hesabına formalaşan ümumdaxili məhsulun hesablanması üçün metodika təklif olunmuşdur. İnformasiya və biliklər iqtisadiyyatının kompozit indeksi və onu formalaşdıran müvafiq indekslər, subindekslər və indikatorlar sistemi işlənilmişdir.

Konfransda, həmçinin dosent Ə.Əliyev və institutun elmi işçisi Roza Şahverdiyevanın həmmüəllif olduqları “Development of composite indicators system for the comparative assessment of the activity of innovative technoparks” (İnnovativ texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üçün kompozit indikator sisteminin işlənilməsi) adlı məqalə dərc olunub.

Məqalə innovativ struktur kimi texnoparkların fəaliyyətinin müqayisəli qiymətləndirilməsinə həsr olunmuşdur. Bu aspektdə kompozit indikatorlar sisteminin işlənilməsinin elmi-metodoloji əsasları tədqiq edilmişdir. Kompozit indikatorlar sisteminin yaradılması mərhələləri, onlara qoyulan tələblər və onların ümumiləşdirilmiş tərkibi və məzmunu göstərilmişdir. Texnoparkların fəaliyyətini xarakterizə edən əsas indekslər qrupu müəyyənləşdirilmişdir. Texnoparkların əsas və subindekslərinin asılı olduğu indikator və göstəricilərin müəyyənləşdirilməsinin ardıcıl formalaşdırılması mərhələləri təklif olunmuşdur.

Qeyd edək ki, AICT 2017 konfransı “Thomson Reuters Scientific”, “Google Scholar”, “Association for Computing Machinery”, “The Institution of Engineering and Technology”, “American Mathematical Society”, “National Library of Medicine”, “Optical Society of America”, “Scitopia.org” kimi nüfuzlu bazalarda indeksləşib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.