AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Qəmbər Quluyev, institutun aparıcı elmi işçisi, texnika elmləri doktoru Fəhrad Paşayev ilə görüş keçirildi. Məqsəd Anomal Seysmik Proseslərin monitorinqi üçün “Robust Noise Monitoring” (RNM ASP) stansiyalar şəbəkəsində meydana çıxan Seysmoakustik Siqnallar və onların RNM texnologiyaları vasitəsilə işlənməsindən alınan xarakteristikaların AzScienceNet şəbəkəsinin Data Mərkəzində saxlanması məsələlərinin müzakirəsi idi.
Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev, o cümlədən AzScienceNet şəbəkəsinin Data Mərkəzinin əməkdaşları iştirak edirdilər.
Öncə çıxış edən R.Ələkbərov Data Mərkəzin fəaliyyəti və təklif etdiyi xidmətlər barədə ətraflı məlumat verdi. Burada istifadəçilərə hesablama işlərini həyata keçirən virtual maşınlar və böyük həcmli yaddaş resurslarının təklif olunduğunu bildirən alim artıq AMEA-nın bir neçə elmi müəssisəsinin Data Mərkəzin xidmətlərindən istifadə etdiyini diqqətə çatdırdı.
Sonra Q.Quluyev çıxış edərək AMEA İdarəetmə Sistemləri İnstitutunda fəaliyyət göstərən RNM ASP stansiyalar şəbəkəsinin anomal seysmik proseslərin monitorinqi üçün böyük əhəmiyyət kəsb etdiyini, bu işlərin geniş miqyasda tətbiq edilməsi üçün innovativ texnologiyalardan istifadənin vacib məsələlərdən olduğunu qeyd etdi. Şəbəkənin ölkənin müxtəlif regionlarında 10-dan çox stansiyasının fəaliyyət göstərdiyini bildirən Q.Quluyev bu stansiyalardan daxil olan böyük həcmli informasiyanın saxlanması zərurətinin yarandığını nəzərə çatdırdı. Q.Quluyev qeyd olunan informasiyanın AzScienceNet-in Data Mərkəzində yerləşdirilməsinin bu problemlərin aradan qaldırılmasına imkan yaradacağına əminliyini ifadə etdi.
R.Ələkbərov məlumatların Data Mərkəzdə saxlanması və böyük həcmli yaddaş resurslarının təqdim olunması istiqamətində dəstək verməyə hazır olduqlarını bildirdi. Yaxın gələcəkdə bu xidmətlərdən İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının istifadəsi üçün lazımi şəraitin yaradılacağını vurğuladı.
Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.