“Ağıllı” qolbaq parkinson xəstəliyinə nəzarət etməyə kömək edəcək

21 May 2014 - 11:00 | Texnoloji yeniliklər
“Ağıllı” qolbaq parkinson xəstəliyinə nəzarət etməyə kömək edəcək

“Global Kinetics Corporation” şirkəti Flori adına Nevroloji və Psixi Sağlamliq İnstitutu ilə birgə parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin həyat keyfiyyətinin artırılması üçün nəzərdə tutulmuş “Kinetigraph” adlanan xüsusi qolbaq hazırlayıblar. Qolbaqda insanın hərəkətləri haqqında informasiya toplayan akselerometr quraşdırılıb. Məhz bunun sayəsində həkimlər insanın səhhəti haqqında məlumat əldə edə, lazım gələrsə müalicə üsulunu dəyişə biləcəklər. 

Pasiyentlər qolbaqlardan 10 gün müddətində istifadə ediblər. Bu vaxt ərzində cihaz vasitəsilə bradikineziya (parkinson xəstəliyinin başlanğıcı üçün xarakterik olan hərəkətlərin ləngiməsi) göstəriciləri ölçülüb. 

Ümumilikdə, sensorlardakı məlumatların analizi göstərəcək ki, müəyyən preparatları nə vaxt təyin etmək lazımdır və xəstə müalicəyə necə reaksiya verir. “Ağıllı” qolbaqlar xüsusilə də pasiyentlərə səs siqnalları vasitəsilə dərmanları vaxtında qəbul etməkdə yardımçı olacaq. 

Bugünkü gündə qolbaqlar yalnız xəstəxanalara satılır. Hazırda “Kinetigraphs”dən dünyanın 9 ölkəsinin (Avstraliya, Almaniya, Hollandiya, Norveç, İsveç, Danimarka, Malayziya, Honkonq, Tayland) 50 xəstəxanasında istifadə olunur. meddaily.ru saytının məlumatına görə, yaxın gələcəkdə istehsalçı məhsullarını ABŞ və Avropa bazarına çıxarmağa hazırlaşır.