ABŞ-ın şəbəkə avadanlıqları istehsal edən “Cisco” şirkətinin prezidenti Con Çembers ölkə başçısı Barak Obamaya məktub ünvanlayıb. Məktubda ixrac edilən texniki avadanlıq və cihazlara xüsusi xidmət orqanları tərəfindən dinləmə “böcəkləri”nın yerləşdirilməsinə son qoyulması tələb edilib. Şirkət rəhbərinin müraciətinə Ars Technica saytında Milli Təhlükəsizlik Agentliyi (MTA) əməkdaşlarının “Cisco”nun bağlamalarını açarkən əks olunan görüntülər səbəb olub.
C.Çembers bildirib ki, MTA-nın siyasəti xarici müştərilərin Amerikanın İT-şirkətlərinə olan etibarını azaldır: “Yeni yanaşma olmasa, bu, ABŞ-ın texnologiyalar sahəsində liderliyini itirməsinə gətirib çıxara bilər”.
"The Financial Times" qəzetinin məlumatına görə, agentliyin bu fəaliyyəti ona gətirib çıxarıb ki, şirkətin bəzi ölkələrdəki müştəriləri məhsulları almaqdan imtina ediblər. Bununla bağlı bəyanat üçüncü rübün yekunlarına görə şirkətin gəlirlərinin 12% aşağı düşdüyü məlum olandan sonra edilib.