AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Orxan Mehdiyev “Yaşıl İKT: mövcud vəziyyəti, imkanları və problemlər” haqqında məruzəsini təqdim etdi. Bildirdi ki, yaşıl informasiya texnologiyaları (İT) – Green IT (Green computing) informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadəsində əmələ gələn mənfi fəsadların və ətraf mühitə vurulan zərərli təsirlərin azaldılmasına yönəldilən təşəbbüsdür. Bu təşəbbüs elmin son nailiyyətləri, inzibati resurs (qanunlar, standartlar, sertifikatlar) və ekoloji mədəniyyət və ya təfəkkürün formalaşmasına əsaslanır. O, Green Computing-in ilk dəfə 1992-ci ildə ABŞ ətraf mühitin mühafizəsi idarəsi tərəfindən təklif olunduğunu vurğuladı.
O.Mehdiyev yaşıl verilənlərin emal mərkəzlərinin (VEM) inkişafı haqqında məlumat verdi. Bildirdi ki, 2016-cı ildə ən yüksək göstərici Şimali Amerikada müşahidə olunmuşdur.
Sonra məruzəçi VEM-də enerji sərfiyyatının paylanmasından danışdı. Onun sözlərinə görə, enerji sərfiyyatının azaldılması məqsədilə “MİCROSOFT” şirkəti öz VEM-ni su hövzələrində yerləşdirir. Onun sözlərinə görə, ekoloji riskləri törədən soyuducu sistemlərdən imtina olunur: Yeni maqnit təsirli soyuducu sistemlər sənaye üsulu ilə istehsal olunmağa başlanılır.
O, həmçinin Bloom Energy server haqqında məlumat verdi. Bildirdi ki, bu layihənin əsas vəzifəsi enerjini VEM-in içində yaratmaqdır. Adi VEM-lər şəhərin enerji infrastrukturundan istifadə edir. 21-ci əsr VEM-in birbaşa vəzifəsi müstəqil enerjidən istifadə etməsi və maliyyə xərclərinin yetərincə azaldılmasıdır.
Texnologiyaların sürətli inkişafının ekologiyaya olan təsirindən danışan O.Mehdiyev onun ekoloji tarazlığın pozulmasında əsas amillərdən biri olduğunu qeyd etdi. Bildirdi ki, havanın çirklənməsi ekoloji risk kimi ən böyük təhlükə olaraq qalır. Dünya səhiyyə təşkilatının məlumatına əsasən hər il havanın çirklənməsi nəticəsində 7 milyon insan həlak olur. Yaşıl İKT və bu sahədə istifadə oluna biləcək texnologiyalar milyonlarla insanı xilas edə bilər.
Qeyd olunanlarla yanaşı, məruzəçi yaşıl İT üzrə qabaqcıl şirkətlər, onların enerji reytinqləri, Dual İntelligent Processors texnologiyası, “İncə kliyent” sistemləri konsepsiyasından da danışdı. 2015-ci ilin nəticələrinə görə, dünyanın 10 ən “yaşıl” superkompüterinin enerji efektivliyinin artım sxemini təqdim etdi.
Sonda şöbənin müdiri, institutun texnika üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent R.Ələkbərov məruzə ilə əlaqədar təklif və iradlarını qeyd etdi, yaşıl İKT sahəsində araşdırmaların dərinləşdirilməsini tövsiyə etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir