AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş nitqi ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Tədbirin institutun şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları, dosentlər Yadigar İmamverdiyev və Fərhad Yusifovun Cənubi Koreyanın Elektronika və Telekommunikasiya Elmi-tədqiqat İnstitutunda (The Electronics and Telecommunications Research Institute – ETRI) təcrübə proqramında iştiraklarına dair hesabatlarına həsr olunduğunu bildirdi.
Hazırda Cənubi Koreyanın müxtəlif elmi-tədqiqat institutları, o cümlədən Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu (Korea Advanced Institute of Science and Technology – KAİST) ilə əməkdaşlıq əlaqələrinin formalaşdığını söyləyən R.Əliquliyev institutda fəaliyyət göstərən gənc tədqiqatçıları bu elmi qurumlarda təcrübə keçməyə səslədi.
Sonra Y.İmamverdiyev İKT bilik mübadiləsi proqramı çərçivəsində ETRI-də keçirilmiş “Bulud əsasında adaptiv intellektual informasiya təhlükəsizliyi xidmətlərinin işlənilməsi” mövzusunda elmi-tədqiqatın nəticələri haqqında məlumat verdi. Bildirdi ki, ETRI-də aparılan elmi-tədqiqat layihəsi çərçivəsində Əşyaların İnterneti, kiber-fiziki sistemlər və e-dövlət infrastrukturu kimi spesifik mühitlərdə kiber-hücumların analizi və cavablandırılması məqsədilə istifadəçilərə optimallaşdırılmış təhlükəsizlik xidmətləri təqdim etmək üçün avtonom təhlükəsizlik platforması və sistem texnologiyalarının işlənməsi nəzərdə tutulur. Dinamik dəyişən kiber-təhdidlər mühitinə və istifadəçi tələblərinə adaptiv konfiqurasiya və idarə edilən, kiber-hücumlardan müdafiə və özünü-müdafiə mexanizmlərinə malik informasiya təhlükəsizliyi infrastrukturu telekommunikasiya, şəbəkə və verilənlərin intellektual analizi sahəsində yeni yanaşmalar olan şəbəkə funksiyalarının virtuallaşdırılması, bulud hesablamaları, proqram təminatı ilə idarə edilən şəbəkələr texnologiyaları əsasında sintez edilir. Böyük miqyaslı, koordinasiya edilən və hədəfə yönəlik kiber-hücumların aşkarlanması üçün müxtəlif mənbələrdən verilənlərin Big Data platformasında toplanması və dərin öyrənmə yanaşması əsasında intellektual analizi üçün texnologiyaların işlənməsi də nəzərdə tutulur.
Eyni zamanda, qabaqcıl süni intellekt və yüksək məhsuldarlıqlı hesablama texnologiyalarının tətbiqi ilə kibertəhlükəsizlik sahəsində birgə elmi-tədqiqat işlərinin aparılması, birgə elmi kadr hazırlığı, müvafiq istiqamətlərdə təhsil və təlim proqramlarının işlənməsi üzrə təkliflər və perspektivlər də diqqətə çatdırılmışdır.
“İnkişaf etməkdə olan ölkələr üçün texnologiya transferi və kommersiyalaşdırılması” mövzusunda məruzəni təqdim edən F.Yusifov öncə ETRI haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu qurumun yaradılmasında əsas məqsəd informasiya texnologiyaları, elektronika və telekommunikasiya sahəsində yeni biliklərin və texnologiyaların inkişafı və bu sahələrdə yüksəkixtisaslı kadrların hazırlanmasıdır. ETRİ-nin 2034 əməkdaşından 92%-i elmi tədqiqatçı, texniki işçilər, 8%-ni isə administrativ işçilərdir.
Onun sözlərinə görə, BMT-nin e-dövlətin inkişafına dair 2010, 2012 və 2014-cü illər üzrə hesabatlarına əsasən elektron hökümətin inkişaf indeksinə görə Cənubi Koreya ardıcıl olaraq 1-ci yeri tutmuşdur. Ölkə cari ildə e-dövlət xidmətlərinin təxminən 60%-ni bulud hesablamalarına transfer etməyi nəzərdə tutur.
Tayvanda müxtəlif sahələrdə texnoloji transfer təcrübəsindən danışan məruzəçi qeyd etdi ki, ölkədə yerli innovasiyanın yaradılması və sənayenin inkişafının stimullaşdırılması üçün texnologiya transferinin uğurla həyata keçirilməsi böyük inkişafa səbəb olmuşdur. Tayvanda yarımkeçiricilər sənayesinin inkişafı yetkinlik fazası, mikro çiplərin inkişaf etdirilməsi, kompüter sənayesinin inkişafı, bilik transferi və elmi-tədqiqat işlərindən ibarətdir.
Məruzəçinin sözlərinə görə, Argentina biotexnologiyanı və tətbiqlərini bir çox məhsullarda tətbiq etməyə başlayan ilk dövlətlərdən biri hesab olunur. Orada yerli biotexnologiya şirkətləri əsasən insan sağlamlığı və kənd təsərrüfatı sahələrinə diqqət ayırır. Ölkədə biotexnologiyaların geniş tətbiq olunması yerli elmi-tədqiqat işlərinin aparılması, xaricdən birbaşa investisiya qoyuluşu, xüsusi biotexnologiya şirkətlərinin qurulması və digər istiqamətlərin hesabına mümkün olmuşdur.
O, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutu və ETRI arasında İKT sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına dair təkliflər, texnologiya transferinə dair tədqiqatlar, inkişaf etməkdə olan ölkələr üçün inkişaf strategiyası, texnologiya transferi və texnoloji imkanlar haqqında məlumat verdi.
Sonra institutun əməkdaşı Ariz Əliyev İKT yeniliklərinə dair məruzə ilə çıxış etdi. “Robot-cərrah Da Vinci” barədə məlumat verən məruzəçi bu robotun tibbin minimal müdaxilə və maksimal dəqiq hərəkət tələb edən müxtəlif istiqamətlərində effektiv əməliyyatlar aparmağa imkan verdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, universal robot-cərrahın köməyi ilə istənilən orqanda müxtəlif əməliyyatlar aparmaq mümkündür.
A.Əliyev müasir dövrün əsas problemlərindən biri olan plastik tullantıların aradan qaldırılmasına imkan verən “fungi mutarium” göbələklərini təqdim etdi. Onun sözlərinə görə, bu göbələklər laboratoriya şəraitində, ultrabənövşəyi şüalar altında saxlanılır və onun üzərində toksik tərkibli plastik materiallar yerləşdirilir. Bir neçə həftə ərzində bu materiallar üzvi maddələrə çevrilir və onları müxtəlif qatqılar əlavə etməklə yemək mümkündür.
O, həmçinin 3D printer vasitəsilə çap olunmuş, üzərində müxtəlif cərrahi təcrübələrin aparılması üçün nəzərdə tutulmuş süni orqanlar, 2019-cu ildən Avstraliyada hava limanlarında istifadə olunacaq biometrik texnologiyalar, yapon, koreya və ingilis dillərində dil bazasına malik sinxron tərcümə cihazı barədə videoçarx nümayiş etdirdi.
Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.