“Facebook”un sağlamlıq üçün təhlükəli olduğu bildirilib

15 Sentyabr 2017 - 12:30 | Maraqlı məlumatlar
“Facebook”un sağlamlıq üçün təhlükəli olduğu bildirilib

ABŞ-ın Recis Universitetinin alimləri sosial şəbəkələrdəki dostların insanlara mənfi təsir göstərdiyi qənaətinə gəliblər. Onlar “Facebook” istifadəçilərinin risk zonasında olduğunu iddia edirlər.

mir24.tv saytının məlumatına görə, tədqiqatçılar sosial şəbəkənin daimi istifadəçisi olan 89 tələbəni 10 həftə ərzində müşahidə ediblər. Sonra tələbələr arasında onların sağlamlıq vəziyyəti ilə bağlı sorğu aparıblar. Məlum olub ki, “Facebook”a baxış zamanı həyəcan keçirən istifadəçilər tənəffüs yolları infeksiyalarına tez-tez yoluxurlar. Bu sosial şəbəkədə daha çox dostu olan istifadəçilər isə güclü stress və digər xəstəliklərdən şikayət edirlər. Onları dostluq sorğularından imtina və istifadəçilər arasında populyarlığın azalması narahat edir. Bununla yanaşı, “Facebook”da keçirilən vaxtın müddəti istifadəçilərin sağlamlıq vəziyyətinə heç bir təsir etməyib. Tədqiqat müəllifləri reallıqla yaşamağı və smartfonlara daha az baxmağı məsləhət görüblər.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın Şeffild Universitetinin alimləri 4 min uşaq arasında apardıqları sorğunun nəticələrinə əsasən, sosial şəbəkələrin onları bədbəxt etdiyi qənaətinə gəlmişdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.