10 saniyə ərzində xərçəng hüceyrələrini aşkarlayan qələm hazırlanıb

08 Sentyabr 2017 - 16:21 | Texnoloji yeniliklər
10 saniyə ərzində xərçəng hüceyrələrini aşkarlayan qələm hazırlanıb

ABŞ-ın Texas Universitetinin mütəxəssisləri 10 saniyə ərzində pasiyentin orqanizmində xərçəng hüceyrələrini aşkarlayan aləti təqdim ediblər. Hazırda əməliyyat zamanı yoluxmuş və sağlam hüceyrələrin fərqləndirilməsi üçün dondurulmuş kəsik tədqiqatı tətbiq edilir. Bu zaman şiş toxumasının bir hissəsi dondurulur və analizə göndərilir. Lakin hər bir nümunənin tədqiq olunması 30 dəqiqədən çox davam edə bilər ki, bu da anesteziyanın mənfi təsir riskini artırır.

mir24.tv saytının məlumatına görə, yeni alət molekulları yoluxmuş toxuma olmadan tədqiq edir. Qələm tədqiq olunan orqanın molekullarının keçdiyi su damcısını ayırır, sonra onu kütlə spektrometrinin köməyilə araşdırırlar.

“MasSpec Pen” xərçəngə yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Qələm əməliyyat zamanı heyvanı narahat etmədən və toxumaya zərər vermədən xərçəng hüceyrələrini aşkarlayıb. Mütəxəssislər qələmdən istifadə etməklə xəstəliyi 96 faiz dəqiqliklə aşkar etməyin mümkün olacağını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.