İnstitutun şöbə müdiri İtaliyada elmi ezamiyyətdə olub

08 Sentyabr 2017 - 10:15 | Mühüm hadisələr

23-25 avqust 2017-ci tarixlərdə İtaliyanın Roma şəhərində  IV Beynəlxalq multidissiplinar Avrasiya konfransı keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, İtaliya, Malayziya, Yaponiya və başqa ölkələrdən 400-ə yaxın alim və tədqiqatçılar iştirak edib.

Tədbirin əsas məqsədi müxtəlif elm sahələri üzrə fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirərək multidissiplinar tədqiqatlar ətrafında fikir mübadiləsi aparmaq olub.

Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov da iştirak edib. O, konfransın plenar iclasında çıxış edərək bu elmi toplantının əhəmiyyətindən danışıb. Qeyd edib ki, elmi problemlərin effektiv həlli üçün multidissiplinar yanaşmanın tətbiqi zəruridir. T.Kazımov diqqətə çatdırıb ki, AMEA İnformasiya Texnologiyaları İnstitutunda da İKT-nin müxtəlif istiqamətləri üzrə multidissiplinar elmi tədqiqatlar aparılır, konfranslar, seminarlar keçirilir.

Konfransın 3 gün davam edən seksiya iclaslarında informasiya texnologiyaları, tibb elmləri, təbiət elmləri, ekosistem və urbanizasiya, kənd təsərrüfatı, meşə təsərrüfatı, material mühəndisliyi və digər elm sahələri üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir