Smartfonlarda mətni səs ilə yığmaq mümkün olacaq

17 Avqust 2017 - 15:51 | Texnoloji yeniliklər
Smartfonlarda mətni səs ilə yığmaq mümkün olacaq

“Google” şirkəti istifadəçiləri smartfonlarda mətni əl ilə yığmaq əvəzinə diktə etmək funksiyasından istifadə etməyə öyrəşdirməyi planlaşdırır. Smartfonla verbal kommunikasiya düymələri sıxmağa sərf olunan vaxta qənaət etməyə və qiymətli qadcetlərin yerə düşməsi riskini azaltmağa imkan verəcək. Bunun üçün Android-də hər gün milyardlarla insanın danışdığı 119 dilin dəstəklənməsi tətbiq edilib.

“Biz 30 yeni dil və dialektin dəstəklənməsini əlavə etmək üçün onların daşıyıcılarını işə cəlb etməli olduq”,  deyə şirkətin texniki mütəxəssisi Daan van Eş bildirib. Süni intellektin öyrədilmə prosesində daşıyıcılar ümumi cümlələri oxuyublar, sistem isə onları yadda saxlayıb və yeni istifadəçilərlə ünsiyyət zamanı qəbul etmənin dəqiqliyini yüksəldərək emal edib.

news.rambler.ru saytının məlumatına görə, mətnin diqtə edilməsinə əl ilə yığılmasından üç dəfə az vaxt sərf olunur. İstifadəçilərin həyatını sadələşdirmək üçün “Mauntin-Vyu” istehsalçıları “Gboard” klaviaturasına diktə etmək funksiyasını əlavə ediblər. Bu klaviatura emojilərə keçid etmədən onları səslə yığmağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.