Şəffaflığı dəyişdirilən “ağıllı” pəncərələr yaradılıb

15 Avqust 2017 - 11:45 | Texnoloji yeniliklər
Şəffaflığı dəyişdirilən “ağıllı” pəncərələr yaradılıb

Amerikalı alimlər düyməyə sıxmaqla tamamilə şəffaf olan, yaxud günəş işığının qarşısını alan şüşənin yaradılması üçün yeni texnologiya təklif ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, hazırda şəffaflığı dəyişdirilə bilən “ağıllı” pəncərələr  mövcuddur və sərnişinlər bəzi “The Boeing 787 Dreamliner” hava gəmilərində düyməyə sıxmaqla öz illüminatorlarının şəffaflığını dəyişdirə bilirlər. Bu cür həllər şüşənin qatları arasında çəkilmiş xüsusi geldən istifadə nəticəsində mümkün olur. Elektrik enerjisinin verilməsi şəffaflığı dinamik dəyişdirməyə imkan verir. Digər tərəfdən, bu yanaşma kifayət qədər baha başa gəlir, şəffaf vəziyyətə keçid 20 dəqiqəyə kimi vaxt alır. Gel isə vaxt keçdikdə öz xüsusiyyətini itirir.

Bu səbəbdən Maykl Makqinin başçılığı altında ABŞ-ın Stenford Universitetinin alimləri tamamilə yeni texnologiya təklif ediblər. “Ağıllı” pəncərələr 1 dəqiqə ərzində şəffaf vəziyyətdən tutqun vəziyyətə və əksinə keçmək qabiliyyətinə malikdir. Belə şüşə platin nanozərrəciklərlə aşkarlanmış və mis ionlarının mənbəyi ilə birləşdirilmiş elektrik keçirici və şəffaf indium oksid-qalaydan hazırlanır.

Alimlərin sözlərinə görə, laboratoriyada işlək prototip heç bir deqradasiyaya uğramadan ümumilikdə 5500 dəfə bir vəziyyətdən başqa vəziyyətə keçib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.