“Knightscope” şirkətinin hazırladığı K5 adlı robot-keşikçi qeyri-müəyyən səbəbdən Corctaunda yerləşən “Vaşinqton limanı” ticarət kompleksinin yanındakı fəvvarəyə düşərək “boğulub”.
Ticarət mərkəzinin nümayəndələri bildiriblər ki, robot yaxın vaxtlarda ticarət mərkəzinin avtodayanacaqlarına nəzarət etmək üçün alınmışdır və hazırda sınaq mərhələsindədir. Şahidlərin sözlərinə görə, K5 fəvvarəyə müstəqil şəkildə yaxınlaşıb və suya düşdükdən sonra öz işini dayandırıb.
Suda batmış robot-adamın şəkilləri sosial şəbəkələrdə tez bir zamanda yayılaraq geniş müzakirələrə səbəb olub. Şahidlərdən biri qeyd edib ki, alimlər bəşəriyyətə uçan maşınların hazırlanmasını söz versələr də, nəticədə insanlar yalnız intihara meylli robotları əldə edə biliblər.
“Knightscope” nümayəndələri bildiriblər ki, bu təsadüfən baş vermiş hadisədir və səbəbi araşdırılır. Şirkət, həmçinin bir həftə ərzində “Vaşinqton limanına” yeni avtonom-keşikçi göndərəcəyi barədə söz verib.
hitech.newsru.com saytının verdiyi məlumata görə, K5 robotu şübhəli hərəkətlərin monitorinqinin avtonom sistemini təşkil edir. 136 kq-dan çox çəkiyə malik mexanizm kamera, mikrofon, teplovizor, lazer məsafəölçəni və radarla təchiz olunub. K5 məkanın keşiyini çəkir, şübhəli hərəkətlər aşkar edildiyində kamera ilə görüntünün birbaşa yayımını həyata keçirərək kömək istəyir.
Qeyd edək ki, bu K5 robotu ilə bağlı ilk hadisə deyil. Belə ki, ötən ilin iyulunda Stenfordun ticarət mərkəzində işləyən Knightscope robotu 16 aylıq uşağın üzərinə yeriyərək onun ayağını əzmişdir. Oğlanın anasının sözlərinə görə, robot əvvəlcə uşağı itələmiş, sonra üzü üstə yerə yıxılmışdır. Qurğu bu halda da dayanmamış və hərəkətini davam etdirmişdir. Xoşbəxtlikdən, uşaq ciddi xəsarət almamışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.