AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin həmmüəllifi olduqları “Jurnalın impakt faktorunun modifikasiyaları” (“Modifications to the journal impact factor”) adlı məqalə Böyük Britaniyanın nüfuzlu “COLLNET Journal of Scientometrics and Information Management” jurnalında dərc olunub.
İldə iki dəfə nəşr olunan jurnal elmmetriya və informasiyanın idarə olunması sahəsində ən son tədqiqatları təqdim edir.
Məqalədə Y.Qarfild tərəfindən təklif olunmuş impakt faktor və onun digər müəlliflər tərəfindən təklif olunmuş modifikasiyaları analiz olunmuş, onların çatışmayan cəhətləri göstərilmişdir. Bu çatışmazlıqları aradan qaldırmaq üçün məqalənin müəllifləri tərəfindən özü-özünə istinadlar və istinad edən mənbələrin sayını nəzərə alan bir neçə çəkili impakt faktor təklif olunmuşdur.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant (Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1) layihəsi çərçivəsində hazırlanmışdır.
Qeyd edək ki, Web of Science elmi bazasında indeksləşən “COLLNET Journal of Scientometrics and Information Management” jurnalı elmmetriya sahəsində nəşr olunan jurnallar arasında yüksək nüfuza malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.