AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin yarımillik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev 6 ay ərzində görülmüş işlər haqqında məlumat verdi. İlk olaraq elmi-tədqiqat işlərindən söz açan məruzəçi audioinformasiya texnologiyaları problemləri sahəsində informasiya cəmiyyətinin audio-video fəzalarının formalaşdırılmasının konseptual əsaslarının tədqiq olunduğunu bildirdi. Qeyd etdi ki, elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində Azərbaycanda elektron tullantılar sahəsində mövcud problemlər təhlil olunmuş və onların həlli istiqamətində təkliflər işlənmişdir.
Şöbənin elmi-innovasiya fəaliyyətindən danışan B.Ağayev bildirdi ki, şöbə əməkdaşları “Azərbaycanda elektron tullantılar problemlərinin analizi və onların həlli istiqamətində təkliflərin işlənməsi” mövzusunda Azərbaycan Texniki Universiteti ilə birgə müsabiqədə iştirak etmişdir.
B.Ağayev qeyd etdi ki, şöbə əməkdaşları tanınmış elmi jurnallarda 4 məqalə nəşr etdirmiş, müxtəlif səviyyəli elmi-texniki konfrans və simpoziumlarda iştirak etmişdir.
O, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işlərinin təşkili ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.
Hesabatla bağlı müzakirələr aparıldı, bir sıra təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.