AMEA Rəyasət Heyətinin 5 iyul 2017-ci il tarixli iclasında AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Big Data və superkompüter texnologiyaları: çağırışlar, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Big Data-nın XXI əsrin qlobal çağırışlarından biri olduğunu bildirən alim qeyd etdi ki, beynəlxalq təşkilatlar tərəfindən Big Data-ya yüksək dəyər verilmiş, onun potensial imkanlarından istifadə sahəsində bir sıra strateji planlar və layihələr qəbul edilmişdir. Avropa Komissiyası Big Data-nın tədqiqi üçün “Horizon 2020” proqramı çərçivəsində 120 milyon avro həcmində investisiya ayırmışdır.
R.Əliquliyevin sözlərinə görə, Big Data-nın analizi və onlardan yeni biliklərin əldə olunması müasir elmin qarşısında aktual və həlli çətin olan multidissiplinar problemlər qoymuşdur. Bu da elmdə yeni bir istiqamətin – verilənlər haqqında elmin (Data Science) meydana gəlməsinə və yeni mütəxəssislərin – verilənlərin emalı üzrə alimlərin yetişməsinə (Data Scientist) səbəb olmuşdur.
Məruzəçi qeyd etdi ki, elektron elmin şəbəkə platforması olan AzScienceNet-in Data Mərkəzinin imkanlarının genişləndirilməsinə baxmayaraq, mərkəzin resurslarından səmərəli istifadə olunmur. Belə ki, müxtəlif elm sahələrində aparılan araşdırmalar nəticəsində əldə olunmuş məlumatların toplanması, saxlanması və emalı üçün Data Mərkəzin və Big Data analitikası texnologiyalarının verdiyi imkanlardan lazımi səviyyədə istifadə olunmur. Bu problemlərin multidissiplinar xarakter daşıdığını deyən alim onların həlli üçün universal kadrların (Data Scientist, Data Analysist, Data Engineer) hazırlığına böyük ehtiyac yarandığını vurğuladı.
R.Əliquliyev beynəlxalq qurumların çağırışlarını və problemin aktuallığını nəzərə alaraq, 2013-cü ildən etibarən ölkəmizdə də bu istiqamətdə tədqiqatlara başlanıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, 2014-cü ildən başlayaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda SOCAR və AR Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və Big Data-nın müxtəlif problemlərinə həsr olunmuş qrant layihələri yerinə yerinə yetirilmiş və bu istiqamətdə işlər davam etdirilir.
Rəhbərlik etdiyi qurumda 2014-cü ildən başlayaraq Big Data-nın müxtəlif problemlərinə həsr olunmuş qrant layihələrinin yerinə yetirildiyini qeyd edən akademik bu istiqamətdə işlərin hazırda da davam etdirildiyini vurğuladı. MDB məkanında ilk dəfə olaraq 2016-cı ildə AMEA Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransının keçirildiyini diqqətə çatdırdı.
Ölkəmizdə Big Data və superkompüter texnologiyaları sahəsində araşdırmaların vəziyyəti haqqında məlumat verən məruzəçi kompüter şəbəkələri əsasında virtual superkompüterlərin sintezi üçün modellərin təklif olunduğunu, Big Data-nın klasterləşdirilməsi üçün effektiv reprezentativ metodların işləndiyini dedi. Bildirdi ki, ölkəmizdə Big Data sahəsində 20 elmi məqalə, 62 konfrans materialı, superkompüter sahəsində isə 54 elmi məqalə, 44 konfrans materialı hazırlanmışdır.
Məruzəçi Big Data, Data Science, proqram mühəndisliyi və superkompüter texnologiyaları sahəsində kadr hazırlığının zəruriliyini önə çəkərək, qeyd etdi ki, ilk növbədə, AMEA-nın magistraturası və doktoranturasında bu sahələr üzrə yüksəkixtisaslı kadrlar yetişdirilməlidir.
Sonda AMEA Rəyasət Heyəti R.Əliquliyevin məruzəsini nəzərə alaraq, Big Data analitikası və superkompüter texnologiyaları sahəsində multidissiplinar araşdırmaların prioritet hesab olunması, Big Data analitikası, superkompüter texnologiyaları, Data Science, proqram mühəndisliyi sahəsində kadr hazırlığının (bakalavr, magistr, fəlsəfə doktoru) təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi, AzScienceNet şəbəkəsinin DATA Mərkəzinin resurslarından istifadənin səmərəliliyinin artırılması, AzEduNet, GEANT-a inteqrasiyasının gücləndirilməsi, elmi müəssisələr tərəfindən toplanan Big Data resurslarının DATA Mərkəzdə yadda saxlanılmasının təmin edilməsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda Big Data və superkompüter texnologiyaları sahəsində elmi müəssisələr üçün elmi-metodiki dəstəyin həyata keçirilməsi barədə qərar qəbul etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.