Robot-bəstəkar

21 İyun 2017 - 16:49 | Maraqlı məlumatlar
Robot-bəstəkar

ABŞ-ın Corciya ştatının Texnologiya Universitetinin tədqiqatçılar qrupu tərəfindən “Şimon” adlı robot-bəstəkar yaradılıb. O, neyron şəbəkələr və dərin təlim texnologiyaları sayəsində Malayziyanın zərb musiqi aləti marimbada ifa etməklə yanaşı, musiqi bəstələyə bilir.

Bunun üçün robot müxtəlif stil və istiqamətlərə aid 2 milyondan çox melodiyanın yer aldığı musiqi kitabxanasını “araşdırmalı”, eləcə də Bethoven və Ledi Qaqa da daxil olmaqla, 5000-dən çox musiqi əsərini “dinləməli” olub. Beləliklə, “Şimon” ona bəstəkar karyerasına başlamağa imkan verən “musiqi təhsili” alıb.

Robotun yaradıcıları musiqiçi, eyni zamanda sözügedən universitetin məzunu Meyson Bretan və onun elmi rəhbəri Cil Vaynberqdir.

techcult.ru saytının məlumatına görə, robotun musiqi bacarıqları getdikcə inkişaf etdirilir. Belə ki, tədqiqatçılar onu müxtəlif musiqi informasiyası ilə təmin edirlər. Bununla da “Şimon” sekvensiyalar və improvizasiya daxil olmaqla, musiqinin texnikasına yiyələnir. Artıq müəyyən stil haqqında danışmaq olar. Bretanın fikrincə, “Şimon” klassik musiqi və cazın sintezi olan “fusion” stilini daha çox bəyənir.

Əldə etdiyi müəyyən uğurlara baxmayaraq, “Şimon” çətin ki, Bethoven və ya Bax kimi bəstəkarlarla rəqabət apara bilsin. Lakin şou-biznes üçün musiqi bəstələyənlərin narahatlığına əsas var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.