Superkompüter texnologiyalarında istifadə edilən proqram təminatları təhlil olunub

08 İyun 2017 - 15:00 | Konfranslar, İclaslar

Müasir dövrdə fiziki-kimyəvi proseslər, nüvə reaksiyaları, qlobal atmosfer proseslərinin real zaman kəsiyində modelləşdirilməsi, kriptoqrafiya, geologiya, yeni dərman növlərinin yaradılması və s. sahələrdə meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllində fərdi kompüterlərin hesablama gücü kifayət etmir. Bu kimi problemlərin həllində superkompüterlərdən geniş istifadə olunur.

Bu fikirləri institutun elmi işçisi Kamran Cəfərzadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarında çıxışı zamanı səsləndirdi.

“Superkompüter texnologiyalarında istifadə edilən proqram təminatlarının müqayisəli təhlili” mövzusunda məruzəni təqdim edən K.Cəfərzadə superkompüterin mövcud kompüterlərin texniki göstəriciləri və hesablama məhsuldarlığından dəfələrlə çox olan hesablama sistemi olduğunu diqqətə çatdırdı.

İlk superkompüterin 1976-cı ildə ABŞ alimi Seymur Krey tərəfindən yaradıldığını qeyd edən məruzəçi bu kompüterin saniyədə 160 milyon əməliyyat yerinə yetirirdiyini bildirdi.

K.Cəfərzadə dünya üzrə ən güclü 500 superkompüterin reytinq cədvəlinə əsasən 2016-cı ildə birinci yerdə Çinin “Sunway TaihuLight” superkompüterinin dayandığını vurğuladı.

O, həmçinin superkompüterlərin yaradılmasında istifadə olunan arxitekturalar, mürəkkəb məsələlərin həlli üçün PVM, MPI, OpenMP və s. tətbiqi paket proqramları, superkompüterlərdə istifadə olunan əməliyyat sistemləri və onların üstünlükləri barədə ətraflı məlumat verdi.

Qeyd etdi ki, AzScienceNet şəbəkəsinin  Data  Mərkəzində  “CentOS” əməliyyat sistemi  bazasında “Rocks Cluster” hesablama klasteri qurulmuşdur. 10 hesablama maşınından ibarət olan bu sistemin idarəetmə paneli “CentOS” əməliyyat sisteminin yükləndiyi maşının üzərində funksionallaşdırılır. Sistemə hesablama qovşaqlarının əlavə olunması prosesi avtomatik olaraq həyata keçirilir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.