AMEA Botanika İnstitutunda qurumun veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirildi. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri və AMEA Botanika İnstitutunun məsul şəxsləri iştirak edirdilər.
Öncə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək Botanika İnstitutunun “www.botany.az” veb-saytı haqqında ətraflı məlumat verdi.
G.Nəbibəyova institutun mütəxəssisləri tərəfindən hazırlanmış saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırılandığını bildirdi.
Qeyd etdi ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan saytın Ana səhifəsi “İnstitut haqqında”, “Elmi fəaliyyət”, “Herbari fondu”, “Alim və mütəxəsssislər”, “Şuralar”, “Muzey”, “Elmi nəşrlər” və “Qalereya” bölmələrindən ibarətdir. Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur.
Sonra institutun sektor müdiri Əfruz Qurbanova “www.botany.az”ın informasiya siyasəti haqqında çıxış etdi. Bildirdi ki, veb-saytda institutun əməkdaşlarının elmi fəaliyyəti haqqında məlumatların yerləşdirilməsi Azərbaycanda botanika elmi sahəsində əldə olunmuş nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasında mühüm rol oynayır. Ə.Qurbanova saytın “Xəbərlər” bölməsində institutun fəaliyyəti, burada təşkil olunan tədbirlər, görüşlər, yeni nəşrlər, müsahibələr, çıxışlar, xarici səfərlər və s. dair məlumatların yerləşdirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı.
İnstitutun proqramçısı Sərxan Yolçuyev veb-saytın təhlükəsizlik tələbləri və proqram təminatına dair çıxış etdi. “www.botany.az” saytının təhlükəsizliyinin tam şəkildə təmin olunduğunu qeyd edən S.Yolçuyev saytın AzScienceNet Elm Kompüter Şəbəkəsinin Data Mərkəzində yerləşdirildiyini vurğuladı.
O, Botanika İnstitutunun Avropa Virtual Məlumat Bazasına daxil edilmiş dəyərli herbari nüsxələri haqqında məlumat və şəkillər ilə veb-saytın “Herbari Fondu” bölməsində tanış olmağın mümkünlüyünü qeyd etdi. Həmçinin saytın geniş axtarış imkanlarına malik olduğunu nəzərə çatdırdı.
Sonra çıxış edən Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə müasir tələblərə uyğun hazırlanmış veb-saytın yeni versiyasının ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinə təşəkkürünü bildirdi.
Sonda veb-saytın istismarına dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.