AMEA-nın nəzdində fəaliyyət göstərən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi və “Azərbaycan Milli Ensiklopediyası” informasiya sisteminin veb-saytlarının təqdimat mərasimi keçirildi. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri və Milli Ensiklopediya Mərkəzinin məsul şəxsləri iştirak edirdilər.
Öncə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova Elmi Mərkəzin ame-merkez.gov.az veb-saytı haqqında məlumat verdi. Bildirdi ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış sayt AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılmış, təhlükəsizlik tam şəkildə təmin olunmuşdur.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytın Ana səhifəsi “Haqqımızda”, “Struktur”, “Azərbaycan Milli Ensiklopediyası”, “Xəbərlər”, “Rəsmi sənədlər”, “Elanlar” və “Qalereya” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, xəritə və faydalı linklər də mövcuddur.
Sonra institutun elmi işçisi Yusif Sadıyev “Azərbaycan Milli Ensiklopediyası” informasiya sisteminin ensiklopediya.gov.az veb-saytını təqdim etdi. Onun sözlərinə görə, Mərkəzin veb-saytından birbaşa keçidin mümkün olduğu informasiya sistemində çoxsaylı ensiklopedik lüğətlər və onların izahları onlayn şəkildə yerləşdirilmişdir və bu proses davam etməkdədir.
Y.Sadıyev saytın axtarış sistemi haqqında məlumat verərək qeyd etdi ki, sistemdə söz, əlifba və cild üzrə axtarış aparmaq mümkündür.
Sonda veb-saytın istismarına dair fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.