AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti elmi seminarı keçirildi.
İnstitutun magistrantı Elşən Bağırov “İnformasiya təhlükəsizliyi insidentləri üzrə statistik məlumatlar” mövzusunda məruzəni təqdim etdi. O, informasiya təhlükəsizliyi sahəsində aparıcı şirkətlərin və təşkilatların dövri olaraq müxtəlif səpkili hesabatlar açıqladığı qeyd edərək “Symantec” şirkəti və “MyCert” təşkilatı (Malayziya milli CERT-i) tərəfindən hazırlanmış insidentlər üzrə statistik məlumatları təhlil etdi.
Məruzəçi baş vermiş insidentlərin mənbəyinə görə aktivlik səviyyələri, 2014-2016-cı illər ərzində qeydə alınmış spam, fişinq və zərərli proqramların artım dinamikası haqqında ətraflı məlumat verdi.
“Hazırda dünyada “sıfırıncı gün” boşluqlarının və sənaye idarəetmə sistemlərində baş vermiş insidentlərin statistikasında azalma müşahidə olunur”, – deyə bildirən E.Bağırov bu azalmanın səbəblərindən danışdı. O, məşhur IT-şirkətlərin məhsullarında aşkarlanmış boşluqlar haqqında məlumat verilməsi müqabilində pul mükafatları nəzərdə tutan “Big bounty” tipli proqramları diqqətə çatdırdı.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi, sual və təkliflərini səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.