Data Mining texnologiyalarına dair araşdırmalar davam etdirilir

16 May 2017 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 13 saylı şöbənin “Data Mining: Concepts and Techniques” kitabı əsasında aparılan “Data Mining” kursu üzrə növbəti elmi seminarı keçirildi. Seminar kitabın üçüncü fəslinin – Verilənlərin ilkin emalının müzakirəsinə həsr olunmuşdur.

İnstitutun magistrantı Şəlalə Mansurova “Data Mining” mövzusunda məruzəsini təqdim etdi. Yeni və dinamik inkişaf edən elm sahələrindən olan “Data Mining” vasitəsilə böyük həcmli verilənlər toplusundan lazımi bilik və informasiyanın əldə edildiyini söylədi. O, kitabın üçüncü fəslini əhatə edən verilənlərin təmizlənməsi, inteqrasiyası, ölçünün azaldılması, transformasiyası mərhələləri haqqında m'lumat verdi.

“Verilənlərin inteqrasiyası analiz edilən çoxsaylı və müxtəlif verilən mənbələrinin inteqrasiyasından ibarətdir”, – deyə bildirən məruzəçi verilənlərin inteqrasiyası zamanı yaranan problemlərdən danışdı. Bu zaman rast gəlinən identifikasiya probleminin həlli kimi metaverilənlərin daxil edildiyini qeyd etdi.

O, verilənlərin transformasiyası üçün normallaşdırma metodlarından istifadə olunduğunu bildirərək burada normallaşdırmanın “min-max”, “z-score” normallaşdırma və s. kimi növlərinin tətbiq olunduğunu vurğuladı.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Magistrantın elmi rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev tədqiqatların dərinləşdirilməsinin vacibliyini qeyd etdi, təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.