Aprelin 28-də AMEA-nın Əsas Binasında AMEA-nın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirildi. Öncə tədbir iştirakçıları akademiyanın institut və elmi-tədqiqat müəssisələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular.
Sərgidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətlərini əks etdirən stend də nümayiş etdirildi.
AR Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland və digər tədbir iştirakçıları stendlə tanış oldular.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev 2016-cı il ərzində institutda Data Mining və Big Data texnologiyaları, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, biometrik texnologiyalar, kompüter şəbəkələri, proqram mühəndisliyi, viki-mühitin tədqiqi, e-dövlət quruculuğu, e-elm və e-tibb problemləri, informasiya iqtisadiyyatı, terminoloji informatika və s. istiqamətlərdə aparılmış elmi tədqiqatların nəticələrini əks etdirən əsər və kitablar, jurnal və bukletlər, impakt-faktorlu jurnallarda dərc edilmiş elmi məqalələr haqqında məlumat verdi.
R.Əliquliyev bildirdi ki, 2016-cı ildə institut əməkdaşlarının apardıqları elmi tədqiqatların nəticəsi olaraq beynəlxalq və respublika səviyyəli konfransların əsərlərində 180 tezis, nüfuzlu jurnallarda 72 məqalə dərc edilmişdir. İnstitutun əməkdaşları 30 nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunmuşlar. O cümlədən 16 jurnaldan göndərilmiş 40 məqaləyə rəy hazırlanmışdır. İnstitut 12 beynəlxalq konfransın proqram komitəsində təmsil olunmuş və əməkdaşlar tərəfindən 36 tezisə rəy verilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.