AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qərarı ilə AMEA-nın 2017-ci il seçkilərində “İnformatika” ixtisası üzrə müxbir üzvlüyünə namizədlikləri irəli sürülmüş institutun şöbə müdirləri – texnika elmləri doktoru, professor Məsumə Məmmədova və texnika elmləri doktoru Ramiz Alıquliyevin elmi fəaliyyətlərini əks etdirən ekspress-informasiyalar nəşr olunub.
Ekspress-informasiyalarda hər iki alimin elmi-nəzəri, elmi-praktiki və innovativ, elmi-təşkilati, elmi-pedaqoji, elmi-ekspertiza, beynəlxalq elmi əməkdaşlıq fəaliyyəti, həmçinin elmi əsərləri və onların təsnifatı haqqında məlumatlar təqdim olunub.
Məsumə Məmmədova süni intellektin nəzəri problemlərinin tədqiqi və inkişafı, insan tərəfindən mühakimə yürütmə və biliklərin idarə olunması modellərinin sintezi, intellektual idarəetmə və qeyri-müəyyənlik şəraitində çoxkriteriyalı qərarların qəbulunu dəstəkləyən model və metodlar, çətin formalizə olunan multidissiplinar problemlərin (təbii dil, sosioinformasiya texnologiyaları, e-tibb və s.) həlli üçün qeyri-səlis surətlərin tanınması, qiymətləndirmə, seçim, ranqlaşdırılma, təsnifatlandırma, proqnozlaşdırma model və metodları və digər istiqamətlərdə tədqiqatlar aparır. Alim 271 elmi əsərin, 8 monoqrafiyanın müəllifidir. Xaricdə dərc olunmuş jurnal məqalələrinin sayı 62, beynəlxalq səviyyəli konfranslarda dərc olunmuş məqalələrinin sayı 99-dur. Əsərlərinin 124-ü müxtəlif elmi bazalarda indeksləşən nəşrlərə daxildir.
M.Məmmədova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ildə “Tərəqqi” medalı, 2005-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilmişdir. 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur.
Ramiz Alıquliyev Data mining, Big Data analitika, text mining, klasterləşdirmə, təsnifatlandırma, paylanmış hesablamalar, neyron şəbəkələr, genetik alqoritmlər, qarışqa alqoritmləri, diferensial təkamül alqoritmləri, arı alqoritmləri, “sürü” intellekti əsasında optimallaşma alqoritmləri, sosial şəbəkələrin analizi, elektron dövlətin analizi, elmmetriya və digər elmi istiqamətlərdə tədqiqatlar aparır.
150 elmi əsərin müəllifi olan R.Alıquliyevin xaricdə dərc olunan jurnal məqalələrinin sayı 82, beynəlxalq səviyyəli konfranslarda dərc olunan məqalələrinin sayı 24, o cümlədən “Web of Science” (Thomson Reuters) bazasında indeksləşən əsərlərinin sayı 32, “Scopus” (Elsevier) bazasında indeksləşən əsərlərin sayı isə 50-dir. Alim 7 jurnalın redaksiya heyətinin üzvü, “Web of Science” və “Scopus” bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir. Alimin elmi əsərlərinə 900-dən çox istinad (h-indeksi = 17; g-indeksi = 30; i10-indeksi = 21) olunmuşdur.
R.Alıquliyev 2013-cü ildə Respublika üzrə İKT sahəsində “Web of Science” bazasında indeksləşən jurnallarda çap olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yer mükafatına layiq görülmüşdür.
Alim 2005-ci ildə AMEA-nın Fəxri Fərmanı, 2014-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Texnika elmləri doktoru, professor Məsumə Məmmədovanın elmi fəaliyyəti haqqında məlumat
Texnika elmləri doktoru Ramiz Alıquliyevin elmi fəaliyyəti haqqında məlumat
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.