Geyim üçün 3D-printer

06 Aprel 2017 - 14:27 | Maraqlı məlumatlar
Geyim üçün 3D-printer

Hazırda əksər 3D-printerlər mürəkkəb və böyük konstruksiyalar çap edə bilir, bəziləri isə əksinə miniatür konstruksiyaların çapı üçün ixtisaslaşdırılır. Lakin onların heç biri şərf və ya cemper çap edə bilmir.

“Kniterate” şirkəti geyim çap edən 3D-printerin istehsalı üçün “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında vəsait toplamağa başlayıb.

Qurğu yun, pambıq və digər materiallardan toxunması sadə olan geyimləri (məsələn, şərf və ya dəsmal) insanın köməyi olmadan toxuya bilir. Toxunması daha mürəkkəb geyimlərin çapı üçün operatorun müdaxiləsini tələb edir.

hi-news.ru saytının məlumatına görə, istehsalçılar əşyaları dizayn etməyi sevənlər üçün xüsusi proqram istifadəyə verəcəklər ki, bununla da smartfonlar vasitəsilə geyimlərə naxış və yazılar əlavə etmək mümkün olacaq.

Qeyd edək ki, əvvəlcə tələb olunan məbləğin iki qatı toplanılıb. Qiymətinin yüksək (4500 ABŞ dolları) olmasına baxmayaraq, dəzgahların ilk partiyası artıq satılıb. Qurğunun 2018-ci ildə yenidən satışa çıxarılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.