Əşyaların İnterneti soyuduculardan sənaye robotlarına qədər bütün qurğuların Ümumdünya İnternet Şəbəkəsinə qoşulması ideyasına əsaslanır.
“Microsoft” Almaniyanın Münhen şəhərində Avropada ilk “Əşyaların İnterneti” laboratoriyasını açıb.
news.rambler.ru saytının məlumatına görə, “Microsoft”un Əşyaların İnterneti sahəsinə sərmayə yatırmaq istəyən investorlar üçün ABŞ-ın Redmond, Vaşinqton və Çinin Şençjen şəhərlərində oxşar laboratoriyaları fəaliyyət göstərir. Bundan əlavə, Almaniyada “Cisco” və “IBM” şirkətləri də öz texnologiya laboratoriyalarını açıblar. Münhen “Siemens”, “BMW”, “Bosch” və “Adidas” kimi bir çox texnologiya nəhənglərinin “evi” hesab olunur. Şəhərdə İnternetə qoşulmuş istehsal xətləri və robotlar var.
Qeyd edək ki, “International Data Corporation”ın ötən il keçirdiyi sorğu nəticəsində Qərbi Avropada fəaliyyət göstərən 1872 şirkətin üçdə bir hissəsindən çoxunun Əşyaların İnterneti texnologiyalarından istifadə etdiyi məlum olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.