AzScienceNet-də IPv6-nın tətbiqi məsələləri müzakirə olundu

29 Mart 2017 - 12:08 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın AzScienceNet elm-kompüter şəbəkəsində IPv6-nın tətbiqi məsələlərinə həsr olunduğunu diqqətə çatdırdı.

İnstitutun əməkdaşı Orxan Mənsimzadə məruzəni təqdim edərək IPv6-nın arxitekturu, tipləri və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 1990-cı illərin əvvəllərindən etibarən İnternetin sürətlə genişlənməsi nəticəsində IPv4 ünvanlaşma sisteminin yetərsiz qalacağı və yeni bir sistemə keçidin zəruriliyi vurğulanmağa başlanmışdır. IPv4 protokolunun çatışmazlıqlarını aradan qaldırmaq üçün “Internet Engineering Task Force” komitəsinin rəhbərliyi altında İnternet protokolunun yeni versiyası – IPng (Internet Protocol next generation) və ya IPv6 (Internet Protocol version 6) işlənmişdir.

O.Mənsimzadə Ipv4-ün nöqtədən-nöqtəyə (point to point) ünvanlaşma üçün kifayət etmədiyini və “Network Address Translation” kimi ünvan çevirici mexanizmlərin istifadəsinin məcburi hal aldığını söylədi. Məlumatın məxfiliyi və tamlığının qorunması üçün IP şəbəkələrinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də mövcud avtomatik IP konfiqurasiya üsullarının inkişaf etdirilməsinə ehtiyac yarandığını nəzərə çatdırdı.

IPv6-nın üstünlüklərindən söz açan məruzəçi bildirdi ki, onun əsas fərqli cəhəti daha uzun (128 bit) strukturlu ünvandan istifadə olunmasıdır. Təhlükəsizlik prosedurları IPv6 standartının tərkib hissəsi olan İnternet Protokol Təhlükəsizliyi (Internet Protocol Security – IPsec) ilə yerinə yetirilir. IPv6-nın digər üstünlüyü təhlükəsizlik üçün müəyyən edilmiş əlavə başlıqlarla avtorizasiya və şifrələnmənin aparılmasıdır.

O, həmçinin IPv6-nın dünya və Asiya regionu üzrə statistikasını təqdim etdi, onun Azərbaycanda istifadəsi haqqında məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.