Kompüter oyunlarından asılı hala düşməmək üçün uşaq və yeniyetmələrin müxtəlif hobbiləri olmalıdır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbənin əməkdaşı Nəzakət Məlikova “İnternet oyunlarının uşaqlar və yeniyetmələrin psixologiyasına təsiri” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və bu sahəyə olan maraq uşaqların sağlamlığı və psixologiyasının pozulmasına gətirib çıxara bilər. İnternetdən intensiv istifadə uşaq və yeniyetmələrin maraqlarını ödəsə də onların sağlamlığı üçün ciddi problemlər yaradır. Uşaqların saatlarla kompüterə bağlı qalmaları onları asılı vəziyyətə salır, sosial mühitlə əlaqələrini zəiflədir.
“Oyun saatları artdıqca onun uşaq və yeniyetmələrin orqanizmi və psixologiyasına mənfi təsirləri də ortaya çıxır”, – deyən məruzəçi kompüter oyunlarından asılı hala düşməmək üçün yeniyetmələrin müxtəlif hobbilərinin olmasının vacibliyini vurğuladı.
Sonra məruzəçi sosial şəbəkələrdə geniş yayılmış və daha çox yeniyetmələri hədəfə alan təhlükəli oyunlardan söz açdı. Bildirdi ki, “Siniy kit” (“A blue whale”), “Tixiy dom” (“A quiet house”), “More kitov” (“A sea/a bunch of whales”), “Razbudi menya v 4:20” (“Wake me up 4.20 am”) kimi oyunlarla bağlı ilk təhlükə 2015-ci ildə Rusiyada meydana gəlib.
N.Məlikova “Siniy kit” oyununun Azərbaycanda da geniş yayıldığını qeyd edərək, bütün valideynləri övladlarının İnternet aktivliyinə nəzarət etməyə səslədi. Bildirdi ki, valideynlər ilk gündən uşaqlar üçün kompüter və mobil telefonlardan istifadə qrafiki müəyyən etməli, onlara hansı saytların faydalı, hansılarının ziyanlı olduğunu izah etməlidir.
O, həmçinin psixodiaqnostik metodlar, İnternet asılılığı müəyyən edən testlər və kompüter asılılığını təyin edən sorğulara dair nəticələri diqqətə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, bir sıra təkliflər irəli sürüldü.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.