Qurumun qarşısında duran vəzifələrin həyata keçirilməsində gənclərin fəal iştirakı vacib məsələlərdəndir.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında çıxışı zamanı çağırışlar etdi. Rəhbərlik etdiyi qurumun şöbələrinin 2017-ci il üçün fəaliyyət planları haqqında danışan alim müasir dövrdə bütün dünyada, eləcə də ölkəmizdə elm sahəsinə münasibətin dəyişdiyini, alimlər qarşısında yeni vəzifələrin qoyulduğunu bildirdi, şöbələri öz fəaliyyətlərini yeni tələblərə uyğun şəkildə qurmağa səslədi.
Alim bildirdi ki, bu gün akademiyanın bütün institut və təşkilatlarında dünyanın nüfuzlu elmi bazası olan “Thomson Reuters”də məqalələrin çap olunması əsas hədəf kimi qarşıya qoyulmuşdur. O, rəhbərlik etdiyi qurumun əməkdaşları üçün də bu elmi bazadan istifadə imkanlarının yaradıldığını qeyd etdi, onları bu istiqamətdə fəal olmağa, “Web of science” xidmətlərindən səmərəli istifadə etməyə çağırdı. Bildirdi ki, dünyanın nüfuzlu jurnallarında çap olunmaq üçün riyazi biliklərin dərinləşdirilməsi, akademik yazı qabiliyyəti və elmmetrik biliklərin inkişaf etdirilməsi vacib məsələlərdəndir.
AMEA-nın akademik-katibi institut əməkdaşlarının müxtəlif qrant layihələrdə iştirakının vacibliyini önə çəkərək qeyd etdi ki, bu məqsədlə hər bir şöbə öz potensialını daha da gücləndirməli, elmi-nəzəri və innovativ fəaliyyəti inkişaf etdirməlidir.
“Gənclər institutun qarşısında duran vəzifələrin həyata keçirilməsində fəal iştirak etməlidir”, – deyə bildirən R.Əliquliyev diqqətə çatdırdı ki, qurumun gənc alimlər şurasının fəaliyyəti yenidən qurulmalı, şura üzvləri bütövlükdə ölkəmizdə öndə gedən intellektual gənclərə çevrilməlidir.
Tədbirin sonunda institutun fəaliyyətinin yenidən təşkili və gücləndirilməsinə dair geniş fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.