Big Data mühitində informasiya təhlükəsizliyinin təmin olunması üzrə qrant layihəsinin icra vəziyyəti müzakirə olundu

24 Fevral 2017 - 15:37 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1, 2, 13 və 17 saylı şöbələr tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) dəstəklədiyi “Böyük verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” adlı qrant layihəsi həyata keçirilir.

Layihənin 1-ci mərhələsinin icrasına dair hesabatın EİF-ə təqdim olunması məqsədilə qrant layihəsinin müzakirəsinə həsr olunmuş növbəti birgə elmi seminar keçirildi. Tədbirdə hər bir icraçının 1-ci mərhələ üzrə hesabatı dinlənildi. Həmçinin konfrans və jurnallarda çap olunmuş və ya çapa təqdim edilmiş məqalələr haqqında məlumat verildi.

Layihənin rəhbəri, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək bildirdi ki, layihə icraçılarından biri, institutun sektor müdiri Babək Nəbiyevin hesabatının dinlənilməsi məqsədilə 2 saylı şöbənin xüsusi seminarı təşkil ediləcək. Seminarda B.Nəbiyevin təklif etdiyi metod və əldə etdiyi nəticələr müzakirə olunacaq.

Sonra layihənin 2-ci mərhələsinin icrası üzrə görüləcək işlərin planı bir daha nəzərdən keçirildi, hər bir icraçıya fərdi tapşırıqlar verildi. Layihə icraçılarının gördüyü işlər haqqında hesabatlarının dinlənilməsi üçün növbəti seminarın təşkil olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.