AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın mobil hesablama buludlarının mövcud vəziyyəti və problemlərinə həsr olunduğunu bildirdi.
“Mobil Cloud Computing: mövcud vəziyyəti, imkanları və problemləri” mövzusunda məruzə ilə çıxış edən institutun əməkdaşı Oqtay Ələkbərov mobil hesablama buludlarının mobil qurğuları baza stansiyalarının köməyi ilə İnternet üzərindən hesablama buludları sistemlərinə qoşan və onun xidmətlərindən istifadəni təmin edən yeni şəbəkə texnologiyası olduğunu bildirdi.
O, mobil avadanlıqların mövcud vəziyyətinin müxtəlif göstəricilər üzrə inkişaf dinamikasını təqdim edərək mobil avadanlıqlar, İnternet istifadəçiləri və İnternetə qoşulan mobil avadanlıqların inkişaf dinamikası, İnternetə qoşulan kompüter avadanlıqları, smartfonların 1 aylıq İnternet trafiki, mobil avadanlıqlarda istifadə edilən əməliyyat sistemlərinin paylanması qrafikini diqqətə çatdırdı. Həmçinin mobil istifadəçilərin gündəlik istifadə etdiyi kontentin paylanma qrafiki, mobil İnternetin arxitekturası, mobil bulud xidmətləri istifadəçilərinin artım dinamikası, mobil Cloud Computing sisteminin arxitekturası, mobil Cloud Computing-də istifadə edilən xidmətlər və mobil istifadəçilərə Cloud Computing xidmətləri göstərən kiçik hesablama buludları – Cloudlet barədə məlumat verdi.
Mobil hesablama buludlarının üstünlüklərindən söz açan məruzəçi qeyd etdi ki, Cloud Computing mobil qurğuların batareyalarının işləmə müddətinin uzadılması, hesablama gücü və yaddaş həcminin artırılması, məlumatlarının bir neçə ehtiyat kompüterlərdə saxlanılması ilə etibarlılığının artırılmasına və s. imkan yaradır.
Cloud Computing-in “Mobile Commerce”, “Mobile HealthCare”, “Mobile Learning”, “Mobile Gaming” kimi sahələrdə geniş tətbiq olunduğunu söyləyən O.Ələkbərov mərkəzləşdirilmiş və iyerarxik arxitekturalı mobil hesablama buludları, o cümlədən mobil hesablama buludlarının əsas kriteriyaları haqqında ətraflı məlumat verdi.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.