Açıq dənizə çıxışı olmayan ölkələrin Beynəlxalq Beyin Mərkəzinin nümayəndələri ilə görüş keçirildi

23 Fevral 2017 - 08:45 | Görüşlər

AMEA İnfromasiya Texnologiyaları İnstitutunda açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinin (International Think Tank for Land Locked Developing Countries) nümayəndələri Sansar SosorbaramDr. Barney Tan ilə görüş keçirildi. Əsas məqsəd Açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinə üzv ölkələr arasında İKT-nin inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması, birgə layihələrin həyata keçirilməsi, seminar və konfransların təşkil olunması ilə bağlı müzakirələrin aparılması idi.

Açıq dənizə çıxışı olmayan və inkişafda olan ölkələrin Beynəlxalq Beyin Mərkəzinin yaradılması təşəbbüsü Monqolustan prezidenti tərəfindən irəli sürülmüşdür. BMT-nin də dəstəklədiyi bu layihə  Azərbaycan da daxil olmaqla açıq dənizə çıxışı olmayan 32 ölkə arasında Sazişin imzalanmasını nəzərdə tutur. Məqsəd bu ölkələri bir araya gətirərək tranzitin asanlaşdırılması, kasıblığın azaldılması və ticari münasibətlərin sadələşdirilməsi ilə bağlı problemlərin həlli ətrafında birləşdirməkdir.

Bu barədə çıxış edən S.Sosorbaram qeyd etdi ki, Mərkəzin baş qərargahı Monqolustanın paytaxtı Ulan-Batordadır. Bu qurumun fəaliyyətə başlaması üçün ən azı 10 ölkənin ratifikasiyasının tələb olunduğunu diqqətə çatdıran qonağın sözlərinə görə, hazırda Azərbaycan hökuməti ilə də bu layihədə iştirakla bağlı danışıqlar aparılır.

Qonaq İnformasiya Texnologiyaları İnstitutu ilə müvafiq sahədə birgə tədqiqatların aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirdi.

Sonra AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar barədə danışdı. Bildirdi ki, institutda informasiya təhlükəsizliyi, biometrik texnologiyalar, informasiya və biliklər iqtisadiyyatı, proqram mühəndisliyi, e-dövlətin formalaşması, e-təhsil və s. istiqamətlərdə araşdırmalar aparılır. 

Alim, həmçinin İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söz açdı. İnstitutun informasiya-kommunikasiya texnologiyaları sahəsində qəbul olunmuş dövlət proqramlarında fəal iştirak etdiyini diqqətə çatdırdı.

Sonda İnformasiya Texnologiyaları İnstitutunun İKT sahəsində əldə etdiyi və geniş tətbiq imkanları olan elmi nəticələrinin Beynəlxalq Beyin Mərkəzinə təqdim olunmasına qərar verildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.