Elektron dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodlar işlənilib

13 Fevral 2017 - 11:56 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olundu. Cari ildə görüləcək işləri diqqətə çatdıran şöbə müdiri Gülnarə Nəbibəyova öncə elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, elektron dövlətin formalaşması problemləri istiqamətində e-dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodların işlənilməsi üzrə araşdırmaların yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildirdi.

Şöbə müdiri terminoloji informatikanın formalaşması problemləri üzrə Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması ilə bağlı görülən işlərdən danışdı. Bildirdi ki, bu istiqamətdə termin yaradıcılığı işlərinin avtomatlaşdırılması metodlarının işlənilməsi, vətəndaş terminologiyasının formalaşması problemləri və terminoloji təhlükəsizliyin təmin olunması istiqamətində tədqiqatlar aparılır.

G.Nəbibəyova şöbə əməkdaşları tərəfindən veb texnologiyaları problemləri üzrə e-dövlət mühitində veb-resursların statistikası və analitikası, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri üzrə isə Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası istiqamətlərində araşdırmaların da davam etdiriləcəyini söylədi.

O, həmçinin şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif qurumların, eləcə də AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görüləcək işləri nəzərə çatdırdı. AMEA-nın rəsmi www.science.gov.az portalının, institutun www.ikt.az saytının və AzScienceNet elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan dəstəkləndiyini, o cümlədən institutun Multimedia Qalereyasında işlərin aparıldığını qeyd etdi.

G.Nəbibəyova şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitabların hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğuladı, veb-analitikanın müxtəlif problemlərinin daha dərindən araşdırılmasını tövsiyə etdi.

Sonda plan layihəsinin institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.