Bulud hesablamaları elektrik enerjisinə tələbatı azaldır

17 Yanvar 2017 - 16:00 | Maraqlı məlumatlar
Bulud hesablamaları elektrik enerjisinə tələbatı azaldır

Məlumatların işlənməsi mərkəzlərinin enerji istehlakı 2005-2010-cu illər üzrə 24% olmuşdur. Lakin bulud hesablamaları və optimallaşdırılmış idarəetməyə keçidlə vəziyyət dəyişmişdir. Kaliforniyanın Berkli Universitetində aparılmış tədqiqatın müəllifləri hesab edirlər ki, 2014-cü ildən 2020-ci ilə qədər hesablama resurslarına ehtiyacın kəskin şəkildə artmasına baxmayaraq enerji istehlakı yalnız 4% artacaq.

Tədqiqatın nəticələrinə görə, 2014-cü ildə ABŞ-ın məlumat mərkəzlərində elektrikin ümumi xərci 70 milyard kV/s təşkil etmişdir ki, bu da ölkədə enerjinin ümumi istehlakının 1,8%-i deməkdir. Lakin müasir tendensiyalara əsasən, növbəti dörd ildə bu artım demək olar ki, dayanacaq.

“Открытые системы” jurnalının məlumatına görə, 2000-ci ildən 2005-ci ilədək serverlərin tədarükü hər il 15% artmışdır, bu dövrdə onların məlumat emalı mərkəzindəki ümumi sayı da demək olar ki, ikiqat artmışdır. 2005-2010-cu illərdə iqtisadi problemlər səbəbindən illik artım 5%-ə qədər azalmışdır. Hazırda bu göstərici 3% təşkil edir və proqnozlara görə, hələ 2021-ci ilə qədər artım eyni səviyyədə qalacaq.

“Google” şirkəti də optimist düşünərək hesab edir ki, 2020-ci ilə kimi elektrik enerjisinin ümumi xərci azalacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.