“Horizon 2020” – Avropa İttifaqının elm və innovasiya sahəsində ən böyük proqramıdır

11 Yanvar 2017 - 12:07 | Konfranslar, İclaslar

Bu barədə məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev institutun Elmi şurasının iclasında “Horizon 2020” proqramı haqqında çıxışı zamanı səsləndirdi. O, proqramın əsas məqsədinin Avropa İttifaqının elm, texnologiya və innovasiya sahəsində mövqeyini möhkəmləndirməkdən ibarət olduğunu qeyd etdi. Bildirdi ki, elmdə mükəmməllik, sənayedə liderlik və sosial məsələlər layihənin prioritet istiqamətləridir.

H2020-də informasiya-kommunikasiya texnologiyalarının (İKT) ən əhəmiyyətli sahələrdən biri olduğunu deyən məruzəçi bu istiqamətdə mövcud olan layihələrdən danışdı. İKT  və Sənayedə liderlik çərçivəsində qabaqcıl hesablama texnologiyaları və Cloud Computing, gələcəyin İnterneti, kontentlə bağlı texnologiyalar, əşyaların İnterneti kimi istiqamətlərdə müxtəlif layihələrin həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, son 2 ildə H2020 proqramına Avropa Birliyi ölkələrindən 275,841 müraciət qeydə alınmışdır.

V.Musayev həmçinin H2020-yə müraciət və bu proqramda iştirakla bağlı önəmli veb-saytlar, o cümlədən layihə nümunələri haqqında məlumat verdi.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev məruzənin əhəmiyyətini qeyd edərək institut əməkdaşlarının beynəlxalq elm aləminə inteqrasiyası, tədqiqatların yüksək səviyyədə aparılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından “Horizon 2020” proqramının geniş imkanlara malik olduğunu qeyd etdi. AMEA prezidenti, akademik Akif Əlizadənin Akademiya əməkdaşlarının  bu layihədə iştirakına xüsusi önəm verdiyini bildirərək bütün alim və mütəxəssisləri beynəlxalq qrant layihələrdə fəal iştiraka səslədi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.