AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib

21 Dekabr 2016 - 15:00 | Konfranslar, İclaslar

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Akademiyanın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Bildirib ki, elmi sessiyanın məqsədi Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.

AMEA rəhbəri “Elm və təhsil: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, son illər akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.

Akademik Akif Əlizadə qeyd edib ki, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. “SABAH” qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçdiklərini xüsusi qeyd edən AMEA prezidenti institutlarda təhsil şöbələrinin formalaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Son illər dövlətin bilavasitə dəstəyi sayəsində elmdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyən akademik Akif Əlizadə qeyd edib ki, “Elm haqqında” Qanunda əksini tapan yeniliklərdən biri ölkə başçısının bilavasitə təşəbbüsü ilə magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsidir. O, vacib məqamlardan digərinin isə elmi fəaliyyətin akkreditasiyası ilə bağlı olduğunu deyən AMEA rəhbəri hazırda bununla bağlı müvafiq mexanizmlərin hazırlandığını diqqətə çatdırıb.

Ölkəmizdə elm və təhsilin inteqrasiyası sahəsində mövcud problemlərin həlli üçün elm və təhsil ictimaiyyətindən sistemli, enerjili fəaliyyətin tələb olunduğunu deyən alim bu istiqamətdə vəzifələrin icrası üçün səylərin birləşdiriləcəyinə əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanın dayanıqlı inkişafını təmin edən elm və təhsilin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib. Nazir bildirib ki, ölkəmizdə elm və təhsil sahəsinə cavabdeh olan iki qurumun – AMEA və Təhsil Nazirliyinin rəhbərliyi səviyyəsində keçirilən bugünkü birgə tədbir xüsusi əhəmiyyətə malikdir.

Tədbirin elm və təhsilin ölkəmizin davamlı inkişafındakı rolundan, bu sahədə aparılan islahatlardan, mövcud problemlərdən və problemlərin həll yollarından danışmaq imkanı yaratdığını qeyd edən nazir aparılacaq müzakirələrin və qəbul olunacaq qərarların elm və təhsil sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsini, inteqrasiyasının təmin edilməsini təşviq edəcəyinə ümidvar olduğunu nəzərə çatdırıb.  

Nazir bildirib ki, bu gün müstəqil dövlətimiz  Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində öz inkişafını davam etdirməkdədir. Keçdiyimiz yola nəzər salanda görürük ki, müstəqillik illərində ölkəmizdə təhsil sistemi sürətlə inkişaf etmişdir. Bunu rəqəmlər daha yaxşı təsdiq edir. Əgər 1990-cı ildə respublikada 105 min tələbə kontingenti ilə cəmi 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, 2016-cı ildə ali təhsil müəssisələrinin sayı 51-ə, tələbələrin sayı isə 160 minə çatmışdır. Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfəyə yaxın artmışdır. Aspiranturada, son illər isə doktoranturada təhsil alanların sayı 1990-cı ilə nisbətdə 2 dəfədən çox artaraq 2875 nəfər təşkil etmişdir. Hazırda ölkənin müxtəlif universitetləri və elmi təşkilatlarında 33 min insan elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 12 min nəfəri fəlsəfə doktoru, 2500 nəfəri isə elmlər doktorudur.

Sonra təhsil naziri qeyd edib ki, bu gün Azərbaycan təhsili və elmi qarşısında duran əsas vəzifə – təhsilin və elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasının təmin olunmasıdır. Ölkəmizin təhsil müəssisələri də məhz bu vəzifənin yerinə yetirilməsinə xidmət edərək, gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə, yeni texnologiyalardan istifadə etməsinə və xarici dillərin öyrənməsinə geniş imkanlar yaratmalıdırlar.

M.Cabbarov həmçinin, universitetlərin nəzdində texnoparkların, startap məktəblərinin və biznes inkubatorlarının yaradılmasına başlanıldığını, bütün bunların alimlərin elmi fəaliyyətlərinin inkişafına xidmət etdiyini deyib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində cari ilin yanvarında Ukrayna və İsraildən olan tərəfdaş qurumların iştirakı ilə açılan Startap məktəbinin artıq ilk buraxılışı olmuşdur. Layihənin məqsədi Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək verməkdir.

O, “Tədqiqat universitetləri”nin yaradılmasının müasir dövrün ali təhsil müəssisələri qarşısına qoyduğu yeni tələblərlə bağlı olduğunu vurğulayıb. Keyfiyyətli təhsil olmadan yüksək elmi yeniliklərə də nail olmaq olmaz. Təhsil sistemi elmi yeniliklərə, yeni elmi kəşflərə açıq olmalıdır.

Çıxışının sonunda nazir təhsil müəssisələri, elmi təşkilatlar və biznes strukturlarının səylərini birləşdirərək ölkəmizdə elmin inkişafına öz töhfələrini verəcəyinə əminliyini ifadə edib.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm Tağıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, AMEA Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış ediblər.

Sonra elmi sessiyanın qərarı qəbul edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Təhsil naziri Mikayıl Cabbarovun məruzələrinin nəzərə alınması, elm və təhsilin inteqrasiyası üzrə birgə Fəaliyyət Planının hazırlanması qərara alınıb. Sənəddə ali təhsil müəssisələrinin elmi fəaliyyətinin təşviqi və stimullaşdırılması, təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi məqsədilə AMEA-nın elmi-tədqiqat müəssisələrində ali təhsil müəssisələri üçün təcrübə mərkəzlərinin təşkili, həmin mərkəzlərdə ali təhsil müəssisələri tərəfindən tədqiqatların aparılması və tələbələrin təcrübə keçməsinə şərait yaradılması, həmçinin birgə elmi tədqiqatların aparılması və elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesinə tətbiqi və digər məsələlər öz əksini tapıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.