Məlumdur ki, bu gün yerin altında və ya suda işləyən insanlar yer səthində olan insanlarla rahatlıqla əlaqə qura bilmir. Bu ilk növbədə, onunla bağlıdır ki, diapazonun böyük bir hissəsinin radio dalğaları Yer kürəsinin altına və ya duzlu suyun dərinliklərinə daxil olmaq imkanına malik deyil. Lakin gələcəkdə DARPA agentliyinin səyləri sayəsində vəziyyət xeyli dəyişəcək. Belə ki, bu yaxınlarda ixtisaslaşdırılmış yeni rabitə sistemi – AMEBA-nın (A Mechanically Based Antenna) hazırlanmasına başlanılacaq.
4pda.ru saytının məlumatına görə, sistem iki diapazonda işləyəcək: ultra aşağı tezlikli və çox aşağı tezlikli. AMEBA şaxtaçıları və dalğıcları mətn və səs mesajlarını indikindən daha sürətli mübadilə etməyə imkan verən etibarlı rabitə kanalları ilə təmin edəcək.
Qeyd edək ki, son dərəcə aşağı və çox aşağı tezlikli radio dalğalarının istifadə olunduğu əlaqə sistemləri uzun müddətdir ki, mövcuddur. Onlar sualtı gəmilərlə əlaqə üçün tətbiq edilir. Lakin ölçü bu kimi sistemlərin əsas çatışmazlıqlarındandır. Belə ki, bu radio dalğalarının işləməsi üçün bir neçə yüz metr hündürlüyə malik antennalar tələb olunur.
İstehsalçılar isə ölçü problemini yeni maqnit texnologiyalarının köməyi ilə həll etməyi planlaşdırırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.