Sənaye Sumqayıtından “yaşıl” smart Sumqayıta keçid problemləri respublika elmi konfransında müzakirə olunub

16 Dekabr 2016 - 17:00 | Konfranslar, İclaslar

Məlum olduğu kimi, dekabrın 15-də Sumqayıt Dövlət Universitetində “Riyaziyyatın tətbiqi məsələləri və yeni informasiya texnologiyaları” mövzusunda III Respublika elmi konfransı keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevlə birgə həmmüəllifi olduğu “Yaşıl iqtisadiyyatın formalaşmasında İKT-nin rolu: problemlər, perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Ə.Əliyev öncə akademik R.Əliquliyevin adından konfrans işitrakçılarını salamlayıb və konfransın işinə uğurlar diləyib.

Müasir dövrdə dünyanın inkişaf tendensiyalarına müvafiq olaraq sənaye iqtisadiyyatının daha çox “yaşıl” texnologiyalar əsasında inkişaf etdirildiyini bildirən Ə.Əliyev sənaye iqtisadiyyatının ən böyük magistral “yaşıl”laşdırma yolunun İKT-dən keçdiyini söyləyib.

“Yaşıl iqtisadiyyatın formalaşması həm ətraf mühitin qorunmasının, həm də mövcud olan təbii ehtiyatlara və biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsinin əsas yoludur”, – deyə bildirən Ə.Əliyev qeyd edib ki, yaşıl iqtisadiyyatın formalaşması və inkişafı konsepsiyası resursyönümlü iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, yaşıl texnologiyalar və s. kimi bir çox istiqamətləri özündə birləşdirir.

Yaşıl iqtisadiyata keçid zərurətinin ətraf mühitin çirklənməsi, təbii resursların tükənməsi, iqlim dəyişikliyi kimi halların müşahidə olunması, dünya miqyasında istehsal və istehlakın ekolojiləşdirilməsi kimi səbəblərdən yarandığını və yaşıl iqtisadiyyatın alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, innovativ texnologiyalar vasitəsi ilə ətraf mühitin münbitliyinin saxlanılması, informasiya cəmiyyəti iqtisadiyyatının prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi və s. xidmət etdiyini diqqətə çatdırıb.

Yaşıl iqtisadiyyatla bağlı beynəlxalq təşəbbüslər, çağırışlar və tövsiyyələr haqqında məlumat verən məruzəçi BMT-nin Ətraf mühit üzrə inkişaf proqramının 2008-ci ildə “yaşıl iqtisadiyyat” üzrə təşəbbüslə çıxış etdiyini, 2005-ci ildə BMT Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının təşəbbüsü ilə “yaşıl” inkişafın prioritet istiqamətlərini birləşdirən strategiyanın qəbul edildiyini, 2009-cu ildə BMT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Ekoloji təmiz inkişaf haqqında Bəyannamə qəbul etdiyini nəzərə çatdırıb.

Məruzəçi, həmçinin yaşıl iqtisadi sistemə keçidi əhatə edən dövrlər, yaşıl iqtisadiyyatın inkişafı, formalaşması, idarəolunması və qiymətləndirilməsi, o cümlədən onun elmi-nəzəri və multidissiplinar problemləri haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, yaşıl iqtisadiyyatın formalaşmasına ekoloqlar, iqtisadçılar, riyaziyyatçılar, İKT mütəxəssisləri, hüquqşünaslar, sosioloqlar və KİV nümayəndələri qoşulmalı, birgə səy göstərməlidirlər.

Daha sonra Ə.Əliyev yaşıl iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi göstəriciləri, regional yaşıl iqtisadiyyat indeksi və onun formalaşmasına təsir edən subindeksləri konfrans iştirakçılarına təqdim edib.

Ə.Əliyev yaşıl iqtısadiyyatın formalaşması üzrə Azərbaycan və digər ölkələrın təcrübələrini də diqqətə çatdıraraq ekoloji vergi islahatları və alətləri, intensiv çirkləndirməyə görə cərimə, ekoloji layihələrin mükafatlandırılması üçün yaşıl subsidiyalar, qrant və kreditlər, o cümlədən ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan qaldırılması, birbaşa dövlət xərcləri kimi tədbirlərin görülməsinin bu sahənin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Azərbaycan iqtisadiyyatı və cəmiyyəti həm postsənaye iqtisadiyyatının “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməklə qeyri-neft sektorunun inkişafına, həm də ən müasir yeni texnologiyaları izləmək və tətbiq etməklə informasiya cəmiyyəti iqtisadiyyatının özünün də yaşıllaşdırılmasına nail olmalıdır”, – deyən Ə.Əliyev ölkəmizdə bu istiqamətdə görülən işlər, qəbul olunan dövlət proqramı və qanunlar barədə danışıb. Onun sözlərinə görə, Milli iqtisadiyyatın Strateji Yol Xəritəsi, “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası, İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın əsas hədəflərindən biri də məhz ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır.

Ə.Əliyev, həmçinin cəmiyyətin və iqtisadiyyatın yaşıllaşdırılmasının İKT problemlərindən söz açıb. Alim sənaye iqtisadiyyatının İKT əsasında “yaşıllaşdırılması” üzrə potensial istiqamətlər, innovativ informasiya iqtisadiyyatının “yaşıllaşdırılması” istiqaməti və elektron tullantılar probleminin aradan qaldırılması istiqamətinin həlli vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.

O, Sumqayıtda ətraf mühitin çirklənməsindən yaranan zərərin iqtisadi-sosial qiymətləndirilməsi, atmosferə atılan zərərli tullantıların qiymətləndirilməsi, su hövzələrinə axıdılan çirkab tullantıların qiymətləndirilməsi, ayrı-ayrı  region və istehsal sahələrin ətraf mühitə vurduğu zərərlərin qiymətləndirilməsi modelləri və yaşıl iqtisadiyyata keçidin konseptual modelinin formalaşdırılması və inkişaf kriteriyalarının işlənilməsi, bilik və İKT əsaslı yaşıl iqtisadiyyata keçilməsinin makro iqtisadi modeli, o cümlədən yaşıl iqtisadiyyata keçidlə bağlı intellektual informasiya sisteminin yaradılmasının önəmini vurğulayıb.

Məruzənin sonunda Ə.Əliyev Sumqayıtın elm-təhsil ictimaiyyəti, iqtisadiyyat və biznes sektoru nümayəndələrinin birgə səyi ilə Sumqayıt üçün əlamətdar ola biləcək tezis-sloqan irəli sürərək öz təkliflərini səsləndirib. O, qeyd edib ki, elm-təhsil-biznes nümayəndələri, dövlət və yerli idarəetmə orqanları, vətəndaş sektoru, “Sənaye Sumqayıtından “yaşıl” smart Sumqayıta” tezis-sloqanının yerinə yetirilməsində birgə çalışmalı və fəaliyyət göstərməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.