AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin müdiri, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi şöbənin illik hesabatını təqdim edib. Məruzəçi öncə il ərzində şöbədə aparılmış elmi-tədqiqat işləri haqqında ətraflı məlumat verib. Kompüter şəbəkələrində Cloud Computing texnologiyalarının istifadəsinin elmi nəzəri problemlərinin müasir vəziyyətinin araşdırılması və təhlili, bulud texnologiyalarında hesablama resurslarının istifadəçilər arasında optimal paylanması alqoritminin işlənməsi, bulud texnologiyalarında yaddaş resurslarında səmərəli istifadəsi üçün metodunun işlənməsi, bulud texnologiyalarının elmin müxtəlif sahələrində tətbiqi məsələləri, “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” və s. mövzularda araşdırmaların aparıldığını bildirib.
R.Ələkbərov şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq qeyd edib ki, cari ildə AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi işləri həyata keçirilmiş, AMEA-nın institut və təşkilatlarının 150 yeni kompüteri şəbəkəyə qoşulmuşdur. Akademiyanın 6 institut və təşkilatında lokal şəbəkələrin intellektual kommutatorlar əsasında yenidən qurulması işləri həyata keçirilmişdir.
AzScienceNet-in İnternetə çıxış sürətinin 400 Mbit/s-ə çatdırıldığını qeyd edən məruzəçi AMEA-nın Akademiya şəhərciyində Wi-Fi sisteminin yaradılması və istismarı işlərinin görüldüyünü də qeyd edib. Bildirib ki, Akademiyanın 3 institut və təşkilatının kompüter şəbəkələri fiber-optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet-ə qoşulmuşdur. Eduroam xidmətinin monitorinqi və genişləndirilməsi üçün AzScienceNet şəbəkəsinin ATLAS RIPE şəbəkəsinə qoşulması işləri görülmüş, şəbəkədə Storage və Hosting xidmətləri təşkil edilmişdir.
O, cari ildə şöbə əməkdaşları tərəfindən 9 elmi məqalənin tanınmış elmi jurnallarda nəşr olunduğunu bildirib.
Şöbə rəhbəri, həmçinin elmi-pedaqoji fəaliyyət, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak, beynəlxalq təşkilatlarla əlaqələr və elmi-təşkilati fəaliyyət çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Məruzə ərtafında geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.