İKT-nin elmi-nəzəri problemlərinin araşdırılması informasiya cəmiyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir
Bu fikirləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Qafqaz Universitetində keçirilmiş “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (AICT 2016) mövzusunda X beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
Öncə tədbir iştirakçılarını AMEA prezidenti, akademik Akif Əlizadə və Rəyasət Heyəti adından salamlayan R.Əliquliyev konfransda qarşıya qoyulan vəzifələr və müzakirə olunacaq məsələlərin Azərbaycan elminin İKT ilə bağlı prioritetlərinə cavab verdiyini diqqətə çatdırıb.
Hazırda ölkədə İKT-nin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini, İKT-nin müxtəlif sahələrdə tətbiqi ilə bağlı çoxsaylı islahatların həyata keçirildiyini söyləyən akademik bu məqsədlə müvafiq dövlət proqramları, strategiya və sərəncamların qəbul olunduğunu vurğulayıb.
R.Əliquliyev bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu yaxınlarda qəbul olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” bu sahənin inkişafında xüsusi rola malikdir. Alimin sözlərinə görə, Dövlət Proqramında 49 istiqamət üzrə konkret vəzifələr müəyyənləşdirilmiş, 2020-ci ilədək təhsil və elm işçilərinin müvafiq qurumlarla birgə bu vəzifələr üzərində fəaliyyət göstərməsi tapşırılmışdır: “Dövlət Proqramına əsasən, İKT infrastrukturu və xidmətləri, yüksək texnologiyalar sektorunun inkişafı və bu sahə üzrə elmi-texniki potensialın gücləndirilməsi, e-vətəndaş, kadr hazırlığı, milli kontentin inkişaf etdirilməsi və s. üzrə 15 istiqamətdə tədbirlərin AMEA-nın birbaşa iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulur”.
Akademik “AICT 2016”nın beynəlxalq konfranslara qoyulmuş tələblərə cavab verdiyini və burada təqdim olunmuş məruzələrin dünyada İKT sahəsində mövcud olan ən aktual problemlərin müzakirəsinə həsr olunduğunu bildirərək AMEA rəhbərliyinin bu tədbirə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, alimlərimiz üçün geniş imkanlar açan bu konfrans elm və təhsilin inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb edir.
“İKT-nin elmi-nəzəri problemlərini araşdırmaq və dünyanın aparıcı elmi bazalarına məqalələr təqdim etməklə informasiya cəmiyyətinin inkişafına öz töhfələrimizi verməliyik”, – deyə bildirən alim konfransda nəşr olunan məqalələrin seçilərək ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) elektron kitabxanasına və digər beynəlxalq elmi bazalara daxil ediləcəyini vurğulayıb.
Alim, həmçinin bu yaxınlarda dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı ilə AMEA arasında əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Bildirib ki, əməkdaşlıq nəticəsində AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çox sayda alim və mütəxəssis “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edəcək.
R.Əliquliyev bu kimi əməkdaşlıq əlaqələrinin qurulmasının Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd edib, gələcəkdə səmərəli elmi axtarışların aparılması, innovativ elmi nəticələrin əldə olunması baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.