AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında institutun Multimedia Qalereyasının strukturu müzakirə olunub.
İnstitutun sektor müdiri Kəmalə Həşimova Multimedia Qalereyasının fəaliyyəti, informasiya təminatı, menecmenti və strukturunun təşkil olunması, maddi-texniki bazasının formalaşdırılması, kadr təminatı barədə məlumat verib. Bildirib ki, Qalereya AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilib.
Qalereyanın AMEA-nın institut və təşkilatlarında keçirilən konfrans, iclas, görüş və hesabatlardan əldə edilmiş foto və video materialları strukturlaşdırılmış şəkildə əks etdirdiyini söyləyən məruzəçi Qalereyanın çoxşaxəli axtarış imkanlarına da malik olduğunu bildirib.
Qeyd edib ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış bu resurs lazım olan məlumatı açar sözlərin köməyilə asanlıqla əldə etməyə imkan yaradır.
Onun sözlərinə görə, AMEA-nın rəsmi www.science.az portalı, ElmTV və institutun www.ict.az saytının əməkdaşları tərəfindən hazırlanmış materiallar, o cümlədən Akademiyanın institut və təşkilatlarının arxiv, video, audio və foto materialları mütəmadi olaraq Multimedia Qalereyasının verilənlər bazasına daxil edilir.
İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Qalereyasının böyük yaddaş imkanlarına malik olduğunu söyləyən məruzəçi qeyd edib ki, Akademiyada müxtəlif məzmunlu materialların hazırlanması zamanı Multimedia Qalereyasına istinad olunur.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Multimedia Qalereyasının AMEA-nın bugünkü fəaliyyətinin əks olunması baxımından qiymətli resurs olduğunu vurğulayıb.
Qalereyanın AMEA-nın Rəyasət Heyətinin qərarı ilə İnformasiya Texnologiyaları İnstitutunda yaradıldığını xatırladan alim bununla əlaqədar təşkilati, texniki və kadr məsələlərinin həll edilməsinin instituta həvalə edildiyini bildirib.
Akademiyanın elmi və elmi-təşkilati fəaliyyətinin müxtəlif istiqamətlərini özündə əks etdirən çox sayda elektron video, audio və foto məzmunlu multimedia resurslarının yer aldığı Qalereyada bu materialların sistemli və mütəmadi olaraq toplanması, etibarlı saxlanması, sistemləşdirilməsi, o cümlədən müvafiq qurumların bazaya onlayn çıxışının təmin olunması və gələcək nəsillərə çatdırılmasının vacib məsələlərdən olduğunu söyləyib.
Alim, həmçinin Multimedia Qalereyasının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və kadr potensialının artırılması, həmçinin etik tələblərə cavab verməsi üçün indeksləşdirilməsinin zəruriliyini önə çəkib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.