Sentyabrın 27-də dünyanın ən nəhəng şirkətlərindən olan “Google”un yaranmasından 18 il ötür. Bu münasibətlə axtarış sisteminin əsas səhifəsində bayram loqotipi yerləşdirilib. İstifadəçi loqotipin üzərinə basdıqda “Google-un ad günü nə vaxtdır” sorğusu üzrə axtarış nəticələrindən ibarət səhifə açılır.
“Google.com” domeni 15 sentyabr 1997-ci il tarixdə Stenford Universitetinin tələbələri Larri Peyc və Serqey Brin tərəfindən qeydiyyatdan keçirilib. Axtarış sisteminin adı təsadüfən seçilməyib: şirkətin adı bir və yüz ədəd sıfırdan ibarət sayı ifadə edən (10 üstü 100) “googol” ingilis sözünün təhrif olunmuş formasıdır.
searchengines.ru saytının məlumatına görə, “Google” rəsmi olaraq 4 sentyabr 1998-ci il tarixdə təsis edilsə də, şirkət yaranma tarixini həm 7, həm də 27 sentyabr tarixində qeyd edir.
Qeyd edək ki, “Google” hər gün 1 milyarddan çox axtarış sorğusu və 24 petabayt istifadəçi məlumatını qəbul edərək bütün dünya üzrə məlumatların emalı mərkəzlərində təxminən 1 milyon serveri idarə edir.
Şirkət istehsalçıları istifadəçilər üçün maksimum rahatlığı təmin etmək məqsədilə poçt, axtarış sisteminin kiçiklər üçün nəzərdə tutulmuş versiyasını, tərcüməçi, sosial şəbəkə, baruzer və digər faydalı internet-köməkçilər də yaradıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.