iPhone 7-yə quraşdırılmış A10 Fusion prosessoru SoC (system on a chip) əsasında işləyən Qualcomm, Samsung və MediaTek kimi rəqib smartfonlarla müqayisədə ən yaxşı nəticələri göstərib. Bu fakt TechGrapple portalının keçirdiyi məhsuldarlıq testləri nəticəsində məlum olub.
Sınaqda IPhone-dan başqa, Snapdragon 821 prosessoru əsasında işləyən smartfonlar arasında birinci yeri tutmuş Asus Zenfone 3 Deluxe, Exynos 8890 prosessorlu Samsung Galaxy S7 Edge və Helio X25 əsasında işləyən Meizu Pro 6 da iştirak edib. Çipin bir nüvəsinin məhsuldarlığı testinə görə Apple öz rəqiblərini əhəmiyyətli dərəcədə üstələsə də, A10 Fusion-un çoxnüvəli testində Exynos-dan bir qədər geri qalıb.
lenta.ru saytının məlumatına görə, qrafiklər üzrə testlərdə Apple çipinin rəqiblərindən üstünlüyü daha aydın nəzərə çarpıb. Belə ki, GFXBench-in keçirdiyi bütün sınaqlarda iPhone 7 saniyədə 60 kadr çəkə bilib.
Qeyd edək ki, “Apple” şirkəti iPhone 7-ni sentyabr ayının əvvəllərində San-Fransiskoda keçirilən tədbirdə təqdim etmişdir. Yeni qurğunun əsas xüsusiyyəti ondan ibarətdir ki, smartfonda qulaqcıqlar üçün olan 3,5 millimetrlik birləşdirici element ləğv edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.