Qlobal informasiya texnologiyaları bazarının həcmi 12.5 faiz yüksələcək

31 Avqust 2016 - 10:47 | Maraqlı məlumatlar
Qlobal informasiya texnologiyaları bazarının həcmi 12.5 faiz yüksələcək

“International Data Corporation” analitiklərinin proqnozuna əsasən, yaxın 4 ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 12.5 faiz yüksələcək.

dailycomm.ru saytının məlumatına görə, 2016-cı ildə İT məhsul və xidmətlərinin satış həcmi 2.4 trilyon dollara yaxınlaşacaq və 2020-ci ildə bu göstərici 2.7 trilyon dollar təşkil edəcək. Beləliklə, ekspertlər sözügedən bazarın orta illik artım sürətini 3.3 faiz həcmində qiymətləndirir.

Maliyyə xidmətləri və istehsal sektoru kimi böyük sahələrdə də İT xərclərinin sürətlə artımı proqnozlaşdırılır.

Mütəxəssislərin qiymətləndirməsinə əsasən, telekommunikasiya sahəsində xərclərin həcmi ötən illərlə müqayisədə tədricən artacaq. Yaxın 4 ildə İT həllərinin satış həcminin 33 faizi bank və telekommunikasiya sektorunun payına düşəcək.

2015-ci ildə qlobal İT xərclərinin 25 faizi istehlak alış-verişinin payına düşüb. Ancaq istifadəçilər kompüter, planşet və mobil telefon alışına daha az pul xərcləyirlər ki, bu da informasiya texnologiyaları sahəsinə təsir edəcək. Qlobal planşet bazarının sonrakı artımı daha çox korporativ sektordan asılı olacaq.

Səhiyyə sahəsində də İT xərcləri sürətlə artacaq. Belə ki, 2015- 2020-ci illərdə bu sahədə ildə orta hesabla 5.7 faiz artım gözlənilir.