Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndislərinin “Wi-Fi” şəbəkəsinin idarə edilməsi üçün hazırladıqları yeni üsul böyük tədbirlərdə internetin təmin olunması ilə bağlı problemləri aradan qaldırmağa kömək edəcək.
popmech.ru saytının məlumatına görə, “MegaMIMO 2.0” adlanan yeni alqoritmlər siqnalı çox sayda marşrutlayıcıların bir kanaldan istifadə etməklə göndərə bilməsi üçün emal edəcəklər. Keçirilən sınaq tədqiqatlarında bağlantı sürətinin ənənəvi texnikalarla müqayisədə üç dəfədən çox artımına nail olunub.
Qeyd edək ki, “MegaMIMO 2.0” adı bu gün simsiz rabitə kanallarının buraxılış qabiliyyətini artırmaq üçün hər yerdə istifadə edilən “MIMO” (Multiple Input Multiple Output) siqnal kodlaşdırılması metodundan götürülüb.
Texnologiya müəlliflərindən olan Əfzələddin Hüseyn Həmidin sözlərinə görə, yeni alqoritmlər bağlantı sürətini 10 dəfə artırmaq (marşrutlayıcıların sayını artırmaqla) potensialına malikdir.
Yeni texnologiya hələ ki, stadion və konsert meydançalarında sınaqdan keçirilməyib. Bunun əvəzinə isə mühəndislər insanların böyük tədbirlərdə xaotik hərəkətlərini imitasiya etmək üçün “Roomba” robot tozsoranlarında noutbuklar quraşdırıblar. Tozsoranlar noutbukları bütün istiqamətlərdə hərəkət etdirən zaman onlar bir neçə marşrutlayıcının payladığı “Wi-Fi” vasitəsilə bir-biri və digər qurğularla məlumat mübadiləsi ediblər.
Mütəxəssislərin sözlərinə görə, yeni texnologiyanın həyata keçirilməsi üçün uzun müddət tələb olunur.